Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb.
APA xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Məlumata görə, Cəlilzadə Manaf Məmmədalı oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, fevralın 17-i 2019-cu il tarixində Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada video lentə alaraq “Youtube” platformasında “Diktator TV” adlı kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib və daha sonra 19 yanvar 2023-cü ildən 17 iyun 2025-ci il tarixinədək hazırladığı 19 müxtəlif video-müraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib. Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.