“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən İmran Əliyevin vəkili Rəsul Cəfərov məhkəməyə vəsatətlər verib.
O, təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq müdafiəçinin yanında əyləşməsini xahiş edib.
Vəkil, həmçinin ittiham aktının istintaq orqanı tərəfindən elektron formada müdafiə tərəfinə təqdim edilməsini istəyib.
Digər vəsatətdə cinayət işi təqibinə xitam verilməsi istənilib. Vəkil bildirib ki, ittiham aktında cinayət işi ilə bağlı sübut yoxdur. Bunun üçün də cinayət işinə xitam verilməlidir. Cinayət işinə xitam verilməyəcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz edilməsi xahiş edilib.
Məhkəmə ancaq təqsirləndirilən İmran Əliyevin müvəkkilinin yanında əyləşdirilməsi barədə vəsatəti təmin edib.
Cinayət işinin baxışa verilməsi ilə bağlı qərar verilib.
Məhkəmə baxışı iyunun 10-na təyin edilib.
Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.