Fövqəladə Hallar Nazirliyi (FHN) “Qanun Nəşrlər Evi”nin yaxınlığında sursat tapılması ilə bağlı məlumat yayıb.
FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 76 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim xarakterli, döyüşə yararsız F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
***
11:40
Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlanıb.
APA xəbər verir ki, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
O bildirib ki, binanın ətrafını təmizləyən fəhlə qumbara aşkar edib: "Qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər".
Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
FHN-dən faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, nazirliyin pirotexnikləri sursatı zərərsizləşdirmək üçün ərazidən götürüblər. Araşdırma zamanı müəyyən edilib ki, bu, təlim üçün nəzərdə tutulmuş F-1 əl qumbarasıdır.