Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "GAZel" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb.
Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən APA-ya bildirilib ki, Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar oktyabrın 5-də saat 16:40 radələrində 2 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müvafiq şöbədə müalicəsi davam etdirilən 1 nəfərin isə vəziyyəti stabildir.