DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Xaçmaz rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, mayın 4-də Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.
Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər - T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
"Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", DYP-dən bildirilib.
***
09.22
Ötən gün yol qəzasında xəsarət alan şəxs ölüb.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığında baş verib.
Minik avtomobilinin aşması nəticəsində qəzada xəsarət alan 4 nəfərdən biri 39 yaşlı Tərlan Həsənbəyov xəstəxanada ölüb.