Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.
APA xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb.
O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmmədzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər: “Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında 5 kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar ziyanın ödəniləcəyini desələr də, ziyan ödənilməyib”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır: “Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.
Rüfət Qasımzadə isə APA-ya bildirib ki, sözügedən məsələ ilə bağlı polis idarəsində razılaşma əldə edilib:
“Elşən Mahmudbəyli faizə pul verirdi. Biz ondan bir-iki dəfə pul götürdük, faizi ilə birlikdə geri qaytardıq. Sonra bizə dedi ki, bizneslə məşğul olmaq istəyir. Bizim də Türkiyədə bizneslə məşğul olan tanışımız var idi. Onları tanış etdik. Elşən 55 min dollar pul qoymuşdu. Bir müddət sonra xanım müflis oldu. Həmin puldan 35 min dollar ona geri qaytarılıb. Lakin o, polisə şikayət edib. Yasamal Rayon Polis İdarəsində bildirildi ki, bu işdə cinayət tərkibi yoxdur. Razılaşma oldu və biz də qalan pulu aylıq razılaşmaya uyğun olaraq ona geri ödəyirik. Lakin bu ay ödəniş gecikdiyi üçün videomaterial yayılıb”.