Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb.
Böyük Qafqaz sıra dağlarının şimal-qərb bölgəsindən keçən hissəsində, yüksək dağlıq ərazilərdə artıq bir neçə gündür qar yağması müşahidə olunur.
Noyabrın 8-dən 9-na keçən gecədən başlayaraq Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə, eləcə də Şəki rayonunun Oxud və Kiş kəndlərinin inzibati ərazilərinə qar yağıb.
Hazırda Sarıbaş kəndində qar örtüyünün qalınlığı 10 santimetri ötüb. Şəkinin Oxud və Kiş kəndlərində isə qarın qalınlığı 3-6 santimetr arasında dəyişir.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Havanın temperaturu düzənlik ərazilərdə müsbət 5, yüksək dağlıq ərazilərdə isə mənfi 4 dərəcəyədək enib.
Vüqar Heydərov
***
08:02
Havanın temperaturunun kəskin aşağı düşməsi Azərbaycanın bir sıra dağlıq və dağətəyi ərazilərində güclü qar yağması ilə müşayiət olunub.
APA-nın Şirvan bürosunun məlumatına görə, ötən gecədən etibarən Şamaxı rayonunun Dəmirçi və digər dağlıq kəndlərinə, İsmayıllının dağətəyi yaşayış məntəqələrinə güclü qar yağıb.
Qəbələ rayonunun Laza, Duruca və Qəmərvan kəndlərində də intensiv qar yağışı müşahidə edilib.
Hazırda Qəbələnin bəzi ərazilərində qar yağması davam edir.