Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Təhlükəsizlik Sərgisi çərçivəsində müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş keçirilib.
APA xəbər verir ki, müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri, rəqəmsal risklər, kibertəhdidlərə qarşı mübarizə və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişafı müzakirə edilib.
AKTA-nın İcraçı direktoru Rauf Cabarov dövlət-özəl əməkdaşlığının kibertəhlükəsizlik sahəsində əhəmiyyətinə toxunaraq, aidiyyəti dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi general-mayor Davud Rüstəmov rəqəmsal transformasiyanın inkişafı ilə paralel olaraq kibertəhdidlərin də artdığını diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov kibertəhlükəsizliyin artıq milli əhəmiyyət daşıyan məsələyə çevrildiyini vurğulayıb. O, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, 2026-cı ildə keçirilən hərbi təlimlər çərçivəsində kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini qeyd edib.
Çıxışlarda müdafiə sahəsində rəqəmsal risklər, kibermüdafiə imkanları və beynəlxalq trendlərə nəzər salınıb. Müdafiə sektorunda potensial kibertəhdidlər, rəqəmsal risklərin idarə olunması və kritik informasiya sistemlərinin mühafizəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AKTA tərəfindən mütəmadi olaraq müxtəlif sahələrdə kibertəhlükəsizlik məsələlərinə həsr edilən sektorial görüşlər keçirilir.