ADEX çərçivəsində Belarus istehsalı olan “Rodnik-3D” radarı nümayiş etdirilib.
APA xəbər verir ki, Bakıda keçirilən ADEX müdafiə sərgisi çərçivəsində Belarus pavilyonunda aşağı hündürlükdə uçan hava obyektlərinin aşkarlanması və izlənməsi üçün nəzərdə tutulan “Rodnik-3D” radarı nümayiş etdirilib.
Belarus nümayəndəsinin sözlərinə görə, “Rodnik-3D” müxtəlif tipli aşağıdan uçan hava obyektlərini, o cümlədən pilotsuz uçuş aparatlarını (PUA), dronları, multirotor və təyyarə tipli aparatları, eləcə də qanadlı raketləri aşkarlamaq və izləmək üçün hazırlanıb.
Təqdimat zamanı bildirilib ki, “Rodnik-3D” kiçik ölçülü dronları 7 kilometrədək, daha böyük PUA-ları, o cümlədən “Bayraktar” tipli dronları 20 kilometrədək, daha iri hava obyektlərini — qanadlı raketlər, helikopterlər və digər hədəfləri isə 60 kilometrədək məsafədə aşkarlaya bilir.
Qeyd olunub ki, radarın əsas funksiyası hava obyektlərinin aşkarlanması və izlənməsidir. “Rodnik-3D” hədəflərin məhv edilməsi və ya ələ keçirilməsi üçün deyil, onların aşkar edilməsi və izlənməsi üçün nəzərdə tutulub.