Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələrinin, habelə hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Cinayət Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.
Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.