İyulun 18-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib.
APA xəbər verir ki, tədbirdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlər və onların valideynləri, media nümayəndələri, eləcə də Türkiyə Respublikasının hərbi təhsil müəssisələrindən nümayəndələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən polkovnik Rüstəm Ağayev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd istedadlı, yüksək nəticələr əldə etmiş və gələcək həyatını Vətənə xidmətlə bağlamaq istəyən gənclərə müasir hərbi təhsilin təqdim etdiyi geniş imkanları tanıtmaqdır: “Xaricdə təhsil yalnız başqa bir ölkədə ali təhsil almaq demək deyil. Bu, eyni zamanda, yeni biliklərə, qabaqcıl təcrübəyə, fərqli idarəetmə və tədris modellərinə yiyələnmək, dünyagörüşünü genişləndirmək, xarici dil bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə Azərbaycanı layiqincə təmsil etmək imkanıdır.
Xarici ölkədə təhsil alan hər bir kursant ilk növbədə Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun nümayəndəsidir. Onun davranışı, hazırlığı, intizamı və əldə etdiyi nəticələr yalnız şəxsi uğuru deyil, eyni zamanda, ölkəmizin nüfuzunu ifadə edir”.
Bildirilib ki, qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş abituriyentlər MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramı çərçivəsində Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə ali hərbi təhsil almaq imkanına malikdirlər.
Tədbirin davamında Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi Hakan Yıldız bildirib ki, indi ancaq tanklar, gəmilər və hərbi təyyarələrlə deyil, süni intellekt, kibertəhlükəsizlik, virtual müharibə, kosmos sistemləri ilə də müharibələr aparılır və bu sahədə məlumatlılıq da böyük önəm daşıyır: “Bunları nəzərə alaraq Türkiyədəki hərbi məktəblər də inkişafa uyğun təhsil proqramları ilə tələbələrini gələcəyin texnologiyalarına, təhlükəsizlik mühitinə hazırlayır, eyni zamanda, bu sahədə məlumatlı olan, xarakter sahibi, etik dəyərlərə bağlı, məsuliyyətli və beynəlxalq səviyyədə vəzifə yerinə yetirə biləcək lider zabitlər yetişdirməyi hədəfləyir”.
O əlavə edib ki, Türkiyə və Azərbaycan arasındakı hərbi əməkdaşlıq, ortaq təlimlər, qarşılıqlı təhsil, akademik fəaliyyətlər, texnologiya və heyət mübadiləsi proqramları iki ölkənin Silahlı Qüvvələri arasındakı əlaqəni gücləndirir: “Bu məqsədlə azərbaycanlı gənclərin Türkiyədəki hərbi məktəbləri yaxından tanımağı əhəmiyyətlidir. Burada alacağınız təhsil yalnızca fərdi karyeranıza töhfə verməyəcək, eyni zamanda, iki qardaş ölkənin ortaq təhlükəsizliyinə və bölgəmizin sabitliyinə də böyük töhfə verəcək”.
Daha sonra Türkiyə Milli Müdafiə Universiteti, Quru, Dəniz və Hava Hərbi Məktəbləri, Gülhanə Hərbi Tibb Akademiyası və digər hərbi təhsil müəssisələri haqqında məlumatlandırıcı videoçarx nümayiş etdirilib.
Tədbirin davamında abituriyentləri və valideynlərini maraqlandıran suallar cavablandırılıb.
Abituriyent Əli Məmmədov bildirib ki, 599 bal toplayıb və xaricdə təhsil almaq istəyir: “Təhsilimi hərbi sahədə xaricdə davam etdirmək istəyirəm. Atam Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantıdır. Onun yolu ilə getmək istəyirəm”.
580 bal toplayan digər abituriyent Emin Cəfərli qeyd edib ki, o, informasiya texnologiyaları və təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir: "Məqsədim hərbi sahədə çalışmaqdır. Mən də təhsilimi Türkiyədə davam etdirmək istəyirəm”.