Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş mərasim keçirilib - FOTO - VİDEO - YENİLƏNİB-1

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş mərasim keçirilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 15 may 2024 16:59 (UTC +04:00)

Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

APA MN-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.

Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.

General-polkovnik Kərim Vəliyevin çıxışı

Daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov çıxış edərək Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

***

16.25

Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar Xocalıda keçirilən mərasim başa çatıb.

Bu barədə APA-nın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

***

13:54

Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilir.

APA xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edir.

***

12:23

Bu gün Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçiriləcək.

APA xəbər verir ki, tədbirdə hər iki tərəfdən yüksək rütbəli hərbçilərin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR