Bank Of Baku

BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb

BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
# 02 iyul 2026 11:23 (UTC +04:00)

Banqladeşin paytaxtı Dəkkə yaxınlığındakı Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” adlı 2026-cı il 16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, Grameen bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil edilən konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də iştirak edib.

Umud Mirzəyev konfransın “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer alıb. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə də məlumat verib.

BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü baş tutub.

Görüşdə BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.

Görüş və təşkil edilən birgə nahar zamanı BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Professor Məhəmməd Yunus BAMF-ın dəvəti və təşkilatçılığı ilə Azərbaycana etdiyi ilk səfərini, BAMF-ın baş ofisində keçirilən "Kasıbların Bankiri" kitabının geniş təqdimatını, ADA universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində olan görüşlərini, Nizami Gəncəvi mərkəzinin dəvəti ilə və COP29 zamanı olan səfərlərini məmnunluqla xatırladığını bildirib. O, ölkə başçısı Prezident İlham Əliyevlə görüşlərini xüsusilə qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb.

Qeyd edək ki, hər il keçirilən Sosial Biznes Günü professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış qlobal platformalardan biridir və müxtəlif ölkələrdən ictimai xadimləri, sosial biznes nümayəndələrini, akademikləri, innovatorları, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR