Milli QHT Forumu milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına dair ictimai müzakirə keçirib, bəyanat səsləndirilib.
APA xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda geniş ictimai müzakirə keçirilib.
Tədbirdə vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ictimai xadimlər, alimlər və media nümayəndələri iştirak ediblər. İştirakçılar dünyəvi təhsil sisteminə, qızların təhsilinə, məktəblərdə vahid geyim formasına və dövlət-din münasibətlərinin mütərəqqi modelinə qarşı yönələn informasiya təhdidlərinə qarşı vahid mövqe nümayiş etdirərək bəyanat qəbul ediblər.
Tədbiri giriş sözü ilə açan moderator, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, son vaxtlar xaricdən yönləndirilən yad ideoloji təsirlərə, ölkənin dünyəvi təhsil sisteminə, milli birliyə və həmrəyliyə qarşı yönəlmiş manipulyasiyalara qarşı vətəndaş cəmiyyətinin qətiyyətli mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.
O bildirib ki, bu mühüm məsələlərlə bağlı vətəndaş cəmiyyətinin fəal rolu, ictimai məsuliyyəti və qabaqlayıcı təşəbbüsləri vacibdir. Zaur İbrahimlinin sözlərinə görə, keçirilən ictimai müzakirə xaricdən yönləndirilən dezinformasiya kampaniyasına qarşı cəmiyyətin ziyalı və qabaqcıl kəsiminin sərt reaksiyasını bir daha açıq şəkildə nümayiş etdirir.
AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında Azərbaycanın dünyəvilik və dövlət-din münasibətləri ənənəsinin dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və dinlərin sülh şəraitində yanaşı yaşadığı məkan olub, qadınların və qızların təhsil alması isə maarifçilik hərəkatının təməl sütunlarından birini təşkil edib.
Cəbi Bəhramov vurğulayıb ki, xaricdən qaynaqlanan radikal meyillər və dezinformasiyalar Azərbaycanın tarixi ənənələrinə və dünyəvi dövlətçilik prinsiplərinə ziddir. Onun sözlərinə görə, belə təsirlərə qarşı ən güclü sipər tarixi yaddaş və milli şüurdur.
O bildirib ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə qızlar məktəbinin açılması ilə əsası qoyulan, Şərqdə ilk dünyəvi respublikanı quran Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi ilə möhkəmlənən bu mütərəqqi ənənə bu gün də dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Cəbi Bəhramovun fikrincə, dünyəvi təhsil sisteminə qarşı süni şəkildə formalaşdırılan radikal təzyiqlər və dezinformasiya dalğaları təkcə bugünkü ictimai sabitliyi deyil, həm də gələcək nəsillərin inkişaf perspektivlərini hədəf alır. Tarixi təcrübənin savadlı, dünyagörüşlü ana və təhsilli qadının güclü ailənin, sağlam cəmiyyətin və sarsılmaz dövlətçiliyin başlıca təminatçılarından biri olduğunu göstərdiyini deyən C. Bəhramov bildirib ki, yad dini-ideoloji təsirlərə qarşı ən tutarlı cavab milli maarifçilik irsinə sahib çıxmaq və qızların keyfiyyətli, maneəsiz dünyəvi təhsil almasını qətiyyətlə qorumaqdır.
Əhməd bəy Ağaoglu Milli Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Nigar Axundova sosial və pedaqoji kontekstdə məsələyə toxunaraq orta məktəblərdə vahid geyim qaydalarının müəyyənləşdirilməsinin mühüm və zəruri addım olduğunu bildirib.
O qeyd edib ki, məktəb uşaqların ailələrinin maddi vəziyyətindən, milli mənsubiyyətindən, sosial statusundan və digər fərqlərdən asılı olmayaraq özlərini bərabər hiss etdikləri məkan olmalıdır.
Nigar Axundova vurğulayıb ki, hər bir qızın məktəbdə təhsilini davam etdirməsi, keyfiyyətli təhsil alması, peşə qazanması və gələcəyini özü müəyyənləşdirmək imkanına malik olması üçün çalışmaq lazımdır.
“Vahid məktəb geyimi prinsipini, şagirdlərin bərabərliyini və təhsilimizin dünyəvi xarakterini dəstəkləyirəm. Bizim əsas məqsədimiz bu olmalıdır: uşaq məktəbdə necə göründüyünü və başqalarından nə ilə fərqləndiyini deyil, bu gün nə öyrənəcəyini və sabah kim ola biləcəyini düşünsün”, – deyə o bildirib.
“Körpü” Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev milli həmrəyliyin və ortaq mədəni dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb.
“Milli-mənəvi irsimiz, ortaq dəyərlərimiz və ictimai həmrəyliyimiz yad ideoloji axınlara qarşı ən etibarlı qalxandır. Cəmiyyətimizi daxildən parçalamağa, dünyəvi təhsil sistemimizə kölgə salmağa çalışan təbliğat fəaliyyətlərinə vətəndaşların özləri cavab verməlidirlər. Bugünkü orta və yaşlı nəsil məhz dünyəvi təhsil sistemi sayəsində nailiyyətlər əldə edib”, – deyə o qeyd edib.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli dezinformasiya və media savadlılığı məsələlərinə toxunub. O, informasiya məkanında sistemli şəkildə yayılan saxta xəbərlərin və hibrid təhdidlərin ictimai rəyi çaşdırmağa, sabitliyi sarsıtmağa yönəldiyini vurğulayıb.
Müşfiq Ələsgərli QHT-media əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, birgə təşəbbüslər vasitəsilə manipulyasiyaların qarşısını almaq üçün media savadlılığı artırılmalıdır.
Tədbirin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, dövlət-din münasibətlərinin mütərəqqi modelinin və dünyəvi təhsil sisteminin qorunması istiqamətində vətəndaş cəmiyyətinin birgə tövsiyələri səsləndirilib və bəyanat qəbul edilib.