“Artıq ənənə halını alan sayca 4-cü dəfə təşkil olunan Şuşa Qlobal Media Forumu bu gün öz işinə başlayıb. Qısa müddətdə beynəlxalq media ictimaiyyətinin diqqətlə izlədiyi mühüm platformalardan birinə çevrilən Forumun ildən-ilə genişlənən iştirakçı tərkibi və müzakirə mövzuları onun əhəmiyyətini daha da artırır”.
APA xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.
Umud Mirzəyev bildirib ki, forumu özünəməxsus edən ən vacib məqamlardan biri tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırmasıdır: “Müxtəlif ölkələrdən gəlmiş nüfuzlu jurnalistlər Azərbaycanla, regionda gedən proseslərlə və beynəlxalq gündəmlə bağlı onları maraqlandıran məsələləri birbaşa ölkə başçısına ünvanlayırlar. Prezident Forumun keçirilməsinin məqsədindən danışarkən də məhz bu məqama diqqət çəkdi. Şuşaya gələn xarici media nümayəndələri tədbirdə iştirak etməklə yanaşı, onlar Qarabağda baş verən dəyişiklikləri öz gözləri ilə görür, insanlarla danışır, Azərbaycan rəhbərliyinin mövqeyini birbaşa hiss edirlər. Uzun illər Azərbaycan haqqında həqiqətlərin təhrif edildiyi, ölkəmizin mövqeyinə isə beynəlxalq mediada çox vaxt lazımi yer verilmədiyi nəzərə alınarsa, belə bir platformanın əhəmiyyəti daha aydın görünür”.
BAMF prezidentinin sözlərinə görə, görüşdə diqqət çəkən məsələlərdən biri dövlət başçısının regional nəqliyyat və kommunikasiya əlaqələri ilə bağlı suala verdiyi cavab olub.
“Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə kifayət qədər uzun müddət işlədiyini bildirdi. Bu fikir yalnız yeni yol və dəhlizlərin çəkilməsi məsələsi deyil. Söhbət Azərbaycanın coğrafi mövqeyini real siyasi və iqtisadi üstünlüyə çevirməsindən, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı ölkə kimi rolundan gedir. Bu gün Azərbaycandan keçən marşrutlara maraq təsadüfi yaranmayıb. Bunun arxasında illərlə aparılmış iş, yaradılmış infrastruktur və etibarlı tərəfdaş imici dayanır. Prezidentin cavablarından da görünürdü ki, Azərbaycan nəqliyyat və kommunikasiya əlaqələrinə regionda sabitlik və qarşılıqlı maraq yaradan imkan kimi baxır. Bu yanaşma xüsusilə vacibdir. Çünki iqtisadi maraqlar və qarşılıqlı asılılıq artdıqca yeni qarşıdurmalara yer azalır”, - deyə o vurğulayıb.
Umud Mirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqamlardan biri isə dövlətə və öz gücümüzə arxalanmaqla bağlı səsləndirdiyi fikirlər oldu: “Dövlət başçısı işğal illərindən Zəfərə, müharibədən sonrakı mürəkkəb siyasi mərhələdən bərpa və dirçəliş dövrünə qədər keçilən yolu xatırladaraq vurğuladı ki, Azərbaycanın qazandığı nəticələrin əsasını xalqın iradəsi, dövlətə inamı və sarsılmaz birliyi təşkil edir. Uzun illər doğma torpaqlarına qayıdacağı günü gözləyən keçmiş məcburi köçkünlərin ümidini qoruması, müharibədən sonra isə əldə olunan Qələbənin siyasi müstəvidə tamamlanması üçün göstərilən səbir və qətiyyət bu birliyin gücünü bir daha nümayiş etdirdi”.
BAMF prezidentinin fikrincə, Şuşa Qlobal Media Forumunun dəyəri ondadır ki, burada yalnız Azərbaycan danışmır, Azərbaycanı maraqlandıran və bəzən narahat edən suallar da səslənir: “Uzun illər media və vətəndaş cəmiyyəti sahəsində çalışan bir insan kimi hesab edirəm ki, Şuşa Forumu Azərbaycan haqqında başqalarının formalaşdırdığı təsəvvürlərlə real Azərbaycan arasında olan məsafəni azaltmağa xidmət edir. Xarici jurnalistlər Qarabağa gəlir, quruculuğu görür, suallarını verir və cavablarını birbaşa alırlar. Bundan sonra isə məsuliyyət onların üzərinə düşür. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq artıq 30 ildən çoxdur ki, münaqişələrin yaratdığı humanitar nəticələrin aradan qaldırılması, sülh quruculuğu, media azadlığının təşviqi və xalqlar arasında dialoqun inkişafı istiqamətində fəaliyyət göstəririk. Bu baxımdan hesab edirik ki, Şuşa Qlobal Media Forumu artıq həqiqətən də beynəlxalq media ictimaiyyəti üçün mühüm fikir mübadiləsi və əməkdaşlıq platformasına çevrilib”.