"Bir-Pəncərə" platformasının əhatə dairəsinin genişləndirilməsi məqsədilə digər dövlət qurumlarının sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir.
"APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə,layihə yalnız ölkədaxili proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır:
“Xarici iqtisadi fəaliyyət ölkəmizin tərəfdaş ölkələrlə əlaqələrinə açılan mühüm pəncərədir. Bu baxımdan nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, məlumatların qarşılıqlı mübadiləsi və sərhədlərarası inteqrasiyanın formalaşdırılması üzrə tədbirlər nəzərdə tutulur”.
O qeyd edib ki, layihə çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib, BMT-nin müvafiq standartları nəzərə alınmaqla tətbiq mexanizmləri üzərində işlər aparılıb:
“Hazırda Türkiyə Respublikası və Rusiya Federasiyası ilə nəqliyyat sənədlərinin rəqəmsal mühitdə inteqrasiyası üzrə danışıqlar davam etdirilir. Gələcək dövrdə inteqrasiya imkanlarının beynəlxalq nəqliyyat dəhlizləri, əsasən də Orta Dəhliz üzrə Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər tərəfdaş ölkələri də əhatə etməsi, qarşılıqlı məlumat mübadiləsi və nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Nazir müavini onu da əlavə edib ki, "Bir pəncərə" informasiya sistemi sadəcə rəqəmsal platforma deyil, ölkəmizdə xarici ticarət, nəqliyyat və logistika sahəsində idarəetməyə yeni yanaşmanın əsas elementidir:
“Sistemin tam tətbiqi nəticəsində bürokratik maneələr minimuma endiriləcək, sənədləşmə və icazələrin alınması prosesləri sadələşdiriləcək, dövlət qurumları ilə biznes subyektləri arasında qarşılıqlı fəaliyyət daha operativ və şəffaf təşkil olunacaq, ticarət prosedurları əhəmiyyətli dərəcədə asanlaşacaqdır. Bütün bunlar yükdaşımaların sürətinin artırılmasına, logistika xərclərinin azalmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və nəticə etibarilə ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək”.