Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib
# 13 sentyabr 2024 09:23 (UTC +04:00)

Sentyabrın 11-də Qazaxıstanın Almatı şəhərində “KazHackStan 2024” tədbiri çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının rəqəmsal qalxanı: daha güclü təhlükəsizlik üçün tərəfdaşlıq” adlı panel müzakirəsi, habelə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub.

"APA-Economics" xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın aidiyyəti nümayəndələrinin iştirak etdiyi adıçəkilən panel müzakirələri və qapalı iclasda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov, baş katib Fidan Əhmədova, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev və Audit və komplayens şöbəsinin müdiri Elman Muradov iştirak edib.

Panel sessiyada çıxış edən AKTA sədri Elvin Balacanov və ETX-nin rəis müavini Elvin Şahverdiyev tərəfindən kibertəhlükəsizliyin təmin olunması, o cümlədən kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə dair məlumat verilib. Habelə, TDT çərçivəsində kibertəhlükəsizlik sahəsində tərəfdaşlığın genişləndirilməsini şərtləndirən amillərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, TDT-yə üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin, həmçinin TDT-nin baş katibinin müavini Mirvohid Azimovun iştirakı ilə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub. Təqdimatların dinlənildiyi ilk hissədə, iclas iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi, ölkəmizin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, o cümlədən beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə AKTA və ETX tərəfindən həyata keçirilmiş fəaliyyət barədə məlumatlandırılıb. Eləcə də, AKTA tərəfindən ölkəmizdə daha öncə təşkil olunmuş tədbirlər çərçivəsində baş tutmuş müzakirələr zamanı TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə nümayəndələr tərəfindən səsləndirilmiş təkliflər, həmçinin ETX ilə TDT-yə üzv dövlətlərin müvafiq qurumları arasında həyata keçirilən əməkdaşlığa dair məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclas iştirakçıları tərəfindən TDT çərçivəsində kibertəhlükəsizliyin daha effektiv və səmərəli şəkildə təmin olunması məqsədilə TDT-yə üzv və müşahidəçi dövlətlərin nümayəndələrindən ibarət müvafiq işçi qrupunun və birgə tərəfdaşlıq mexanizmlərinin yaradılmasının məqsədəuyğunluğu ifadə olunub.

Məlumat üçün qeyd olunmalıdır ki, 11-13 sentyabr tarixlərini əhatə edən “KazHackStan 2024” konfransı Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi və ölkənin, o cümlədən Mərkəzi Asiyanın ən böyük kibertəhlükəsizlik xidməti provayderlərindən biri olan TSARKA-nın təşkilatçılığı ilə baş tutur. Üç gün davam edən və minlərlə iştirakçısı olan tədbir çərçivəsində bir sıra panel müzakirələri, kibertəhlükəsizlik üzrə aidiyyəti mütəxəssislərin çıxışı, innovativ həll və texnologiyaların təqdimatı, eləcə də “KiberKümbəz” - komandalar şəklində kibertəhlükəsizlik sahəsində yarış həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR