Poçt sektoru elektron ticarətin sürətli inkişafı, rəqəmsallaşma və transsərhəd logistikasında baş verən dəyişikliklərin təsiri ilə görünməmiş transformasiya dövründən keçir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən PostEurop Baş Assambleyası 2026-nın açılışında “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev bildirib.
Onun sözlərinə görə, elektron ticarətin sürətli artımı, rəqəmsal transformasiya, transsərhəd logistikasının dəyişməsi, gömrük prosedurlarının yenilənməsi və istehlakçı gözləntilərinin yüksəlməsi poçt operatorlarından daha çevik, innovativ və əməkdaşlığa açıq olmağı tələb edir.
M. Babayev qeyd edib ki, müasir dövrdə poçt xidmətlərinin missiyası yalnız bağlama və məktubların çatdırılması ilə məhdudlaşmır.
“Geniş infrastruktur şəbəkələrinə malik poçt operatorları insanlar, biznes və icmalar arasında məsafələri aradan qaldırır. Biz maliyyə və rəqəmsal xidmətlərə çıxışı genişləndirir, şəhər mərkəzləri ilə regionlar arasında mühüm əlaqələr yaradırıq”, - deyə o bildirib.
“Azərpoçt” rəhbərinin sözlərinə görə, şirkətin strateji inkişafının əsas istiqamətlərindən biri ənənəvi poçt operatorundan müasir xidmət və logistika platformasına keçiddir.
“Əsas məqsədimiz qabaqcıl texnologiyalardan istifadə etməklə xidmətlərin əlçatanlığını, sürətini və keyfiyyətini artırmaq, müştərilərimizə daha rahat həllər təqdim etməkdir”, - M. Babayev vurğulayıb.
O əlavə edib ki, bu transformasiyanın əsas şərtlərindən biri beynəlxalq əməkdaşlıqdır. Heç bir poçt operatorunun qlobal dəyişikliklərə təkbaşına uyğunlaşmasının mümkün olmadığını deyən M. Babayev bildirib ki, təcrübə mübadiləsi, strateji tərəfdaşlıq və qarşılıqlı etimad bütövlükdə poçt ekosistemini gücləndirir.
Sədr PostEurop Baş Assambleyasının üzv təşkilatlar arasında strateji dialoq və qərarların müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib.