Maliyyə sektorunda süni intellekt layihələrinin əksəriyyəti real gəlir gətirmir.
“APA-Economics” xəbər verir ki, bunu "INMerge" İnnovasiya Sammitində panel müzakirələri zamanı IBM şirkətinin Data və Süni İntellekt həllərinin inkişaf etdirilməsi üzrə rəhbəri Inigo Cavestany deyib.
O bildirib ki, hazırda süni intellekt layihələrinin cəmi 20-25 faizi real gəlir gətirir. Onun sözlərinə görə, maliyyə xidmətləri sektorunda bu göstərici daha da aşağıdır.
Cavestany qeyd edib ki, bir çox şirkət süni intellekti strateji prioritet hesab etsə də, əsas çətinlik onun idarəolunma mexanizmlərinin düzgün qurulmamasıdır: “AI şirkət daxilində müxtəlif departamentlərin fərqli yanaşmaları ilə deyil, vahid, idarə olunan və təhlükəsiz platforma üzərindən inkişaf etdirilməlidir”.
IBM rəsmisi əlavə edib ki, şirkət bu modeli əvvəlcə özündə – HR, satınalma, müştəri xidməti və maliyyə sahələrində tətbiq edib. Onun fikrincə, IBM kimi 150 illik tarixə malik nəhəng şirkət bunu təhlükəsiz və effektiv həyata keçirə bilirsə, digər təşkilatlar da bu yolla irəliləyə bilər.