İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təhsil layihələri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, son bir il ərzində təqaüd proqramları üzrə 770 nəfər məzun olub:
"Bundan əlavə olimpiada və müsabiqələrdə 26 594 nəfər iştirak edib. 10 beynəlxalq tərəfdaş ilə əməkdaşlıq qurulub. Bu tərəfdaşlar sırasında Boeing, Holberton School, StrategEast, Harbour.Space, Vistar, EPAM, Andersen, Cisco, Ironhack və Hertie School kimi şirkətlər yer alır".
O qeyd edib ki, qeyd olunan yanaşmaların ali təhsil müstəvisində uğurlu tətbiq nümunələrindən biri də "IT SkillSprint" proqramıdır.
"Bu layihə dövlət–universitet–özəl sektor əməkdaşlığının uğurlu nümunələrindən biridir. Proqram çərçivəsində dövlət qurumlarının institusional dəstəyi, ali təhsil müəssisələrinin akademik potensialı və beynəlxalq təlim tərəfdaşı Ironhack şirkətinin qlobal təcrübəsi vahid platformada birləşdirilib", - Rəşad Həsənov qeyd edib.