"IT SkillSprint" proqramı əmək bazarının tələblərinə uyğun hazırlanmış rəqabətqabiliyyətli layihədir.
“APA-Economics” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti dövlət agentlikləri və beynəlxalq tərəfdaş "Ironhack"ın əməkdaşlığı ilə həyata keçirilib:
"Proqramın nəticəsi göstərir ki, məzunların həm seçimi, həm təlimi, həm də gələcək karyeraları uğurlu olacaq".
O həmçinin vurğulayıb ki, proqram çərçivəsində təşkil olunan karyera sərgisi tələbələrlə işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.
Nazir müavini əlavə edib ki, bu yaxınlarda "Ascon" şirkətinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində "AZCON" Mühəndislik və Texnologiya Məktəbi yaradılıb:
"Hesab edirik ki, bu, sənaye ilə ali təhsil əməkdaşlığının növbəti uğurlu nümunəsidir. Ümid edirik ki, yaxın zamanda həmin məktəbin ilk məzunlarını da təbrik edəcəyik. Bu bizim üçün çox önəmlidir. Çünki əmək bazarında tələb olunan ixtisasların universitetlərdə tədrisi məzun olmaqla iş tapmaq arasındakı məsafəni minimuma endirməyə imkan verir".