Süni intellekt (Sİ) artıq uzaq gələcəyin mövzusu deyil. Bu gün dövlət idarəçiliyindən biznesə, səhiyyədən təhsilə qədər bir çox sahələrdə qərarverməni, xidmət keyfiyyətini və əməliyyat effektivliyini dəyişən əsas texnologiyalardan biridir. Bununla yanaşı, bu inkişaf kiber risklər, məlumat təhlükəsizliyi, rəqəmsal etibar və məsuliyyətli idarəetmə kimi mövzuları daha da aktuallaşdırır.
MegaSec bu dəyişimin aktiv iştirakçılarından biridir. Şirkət süni intellekt, kibertəhlükəsizlik, avtonom sistemlər, həmçinin GRC (idarəetmə, risk və uyğunluq) istiqamətlərində fəaliyyət göstərərək təşkilatlar üçün təhlükəsiz, praktik və uzunmüddətli rəqəmsal həllər təqdim edir.
MegaSec şirkətinin yanaşmasına görə, kibertəhlükəsizlik ayrıca bir xidmət deyil, hər bir texnoloji həllin əsas hissəsidir. Süni intellekt həllərinin hazırlanmasından tətbiqinə qədər bütün mərhələlərdə məlumatların qorunması, risklərin idarə olunması və sistemlərin etibarlılığı əsas prinsiplərdən sayılır.
Şirkətin direktoru Qabil Qasımov bildirib:
“MegaSec olaraq süni intellekt və kibertəhlükəsizliyi bir-birindən ayrı sahələr kimi görmürük. Bu gün rəqəmsal transformasiyanın uğurlu olması üçün texnologiya həm ağıllı, həm də təhlükəsiz olmalıdır. Biz artıq bu istiqamətdə Azərbaycan və Orta Asiya bazarında real həllər təqdim edir, yerli ehtiyacları beynəlxalq təcrübə ilə birləşdirir və regionda güclü texnologiya komandası kimi fəaliyyətimizi genişləndiririk”.
Şirkətin fəaliyyəti bir-birini tamamlayan dörd əsas istiqamət üzərində qurulub:
Süni intellekt həlləri təşkilatlarda məhsuldarlığın artırılmasına, proseslərin avtomatlaşdırılmasına və qərarvermənin dəstəklənməsinə xidmət edir.
Kibertəhlükəsizlik istiqaməti beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən Nazirlər Kabinetinin 17 iyul 2023-cü il tarixli 229 nömrəli Qərarının tələblərinə uyğun olaraq, informasiya sistemlərinin və konfidensial məlumatların etibarlı şəkildə qorunmasını təmin edir.
SKY X çərçivəsində süni intellekt əsaslı avtonom və ağıllı sistemlər üzərində iş aparılır.
GRC istiqaməti isə təşkilatlara risklərin idarə olunması, uyğunluq və beynəlxalq standartlara əsaslanan idarəetmə modellərinin qurulmasında dəstək verir.
MegaSec məsuliyyətli süni intellekt yanaşmasını da fəaliyyətinin vacib tərkib hissəsi hesab edir. Şirkət Sİ həllərinin etik, şəffaf, təhlükəsiz və insan mərkəzli tətbiqinə xüsusi diqqət ayırır. Nitq.ai və Cavabdeh.az kimi təşəbbüslər də bu yanaşmanın praktik nümunələrindəndir.
Akademik mühitlə əməkdaşlığını genişləndirən şirkət ADA Universitetində fəaliyyət göstərən R&D laboratoriyası vasitəsilə süni intellekt və kibertəhlükəsizlik sahələrində tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsini dəstəkləyir.
MegaSec eyni zamanda insan kapitalının inkişafına xüsusi önəm verir. Akademik və peşəkar tərəfdaşlarla əməkdaşlıq çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar üzrə bilik və bacarıqların artırılmasına yönəlmiş təşəbbüsləri reallaşdırır.
Bu gün MegaSec fəaliyyətini yalnız Azərbaycanla məhdudlaşdırmır. Şirkət beynəlxalq bazarlarda da süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyətini genişləndirir, yerli texnologiya təcrübəsini regional səviyyəyə daşıyır və təşkilatlar üçün etibarlı rəqəmsal transformasiya tərəfdaşı kimi mövqeyini gücləndirir.
MegaSec üçün əsas məsələ təkcə innovativ texnologiya yaratmaq deyil. Əsas yanaşma bu texnologiyaların təhlükəsiz, məsuliyyətli və dayanıqlı şəkildə tətbiqinə nail olmaqdır. Şirkət bu prinsiplər əsasında Azərbaycanın və regionun rəqəmsal inkişafında aktiv rol oynamağa davam edir.