“Plug and Play” Azərbaycanda dövlət şirkətlərində innovasiya proseslərinin sürətləndirilməsinə dəstək verməyi hədəfləyir.
“APA-Economics” xəbər verir ki, bunu “Plug and Play”in EMEA regionu üzrə direktoru Alfredo Soria “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iki günlük “İndustry Challenges” proqramının əsas məqsədlərindən biri dövlət şirkətlərində innovasiyanın sürətləndirilməsinə kömək etmək, eyni zamanda iştirakçılara problemlərə və onların həllinə fərqli yanaşma təqdim etməkdir.
“Biz dövlətə məxsus müəssisələrdə, eyni zamanda fərdi səviyyədə innovasiyanın sürətləndirilməsinə kömək etməyi hədəfləyirik. İnsanlara problemlərə fərqli baxış və innovasiya baxımından fərqli düşüncə tərzi təqdim etmək istəyirik”, – Alfredo Soria bildirib.
O qeyd edib ki, proqram çərçivəsində müxtəlif sahələr üzrə mövcud çağırışlar müəyyənləşdiriləcək və onlara texnoloji yanaşmalar nəzərdən keçiriləcək.
“Plug and Play” rəsmisi əlavə edib ki, şirkətin yanaşması startaplarla korporativ qurumları bir araya gətirməyə, startapların real biznes imkanları və potensial müştərilərlə əlaqə qurmasına əsaslanır.