"IT SkillSprint" layihəsi universitet, sənaye və dövlət üçbucağı üzərində qurulan yanaşma ilə həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakıda keçirilən Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu yanaşmaya "Triple Helix" modeli də deyilir:
"Bu model iqtisadi inkişafın və innovasiyaların formalaşması üçün bu üç qurumun birlikdə, qarşılıqlı əməkdaşlıq mexanizmini təsvir edən strateji yanaşmadır. Bu model, eyni zamanda, innovasiya ekosisteminin əsas hərəkətverici qüvvəsidir. Bu üçbucaq modelində dövlət tərəfi dedikdə, eyni zamanda layihənin təşəbbüskarları olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyi çıxış edir. Universitet dedikdə ölkənin bütün universitetləri, amma seçim olarkən 11 universitetin tələbələri seçilib. Üçbucağın sənaye tərəfi dedikdə beynəlxalq reytinqlərdə top 5 və bəzi reytinqlərdə top 10-da olan İspaniyanın "IT bootcamp" IT düşərgə təchizatçısı olan "Ironhack" şirkəti seçilib".
Vüsalə Qurbanova qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində layihə icra edilib və çox yüksək nəticələrlə yekunlaşıb:
"Nəticələrimiz ondan ibarətdir ki, hal-hazırda proqram çərçivəsində 29% məşğulluğumuz var. Baxmayaraq ki, proqramımız 6 ay davam edib və bu qısa müddət çərçivəsində artıq 30% tələbələrimiz, məzunlarımız məşğuldurlar. Onların hamısı proqramı uğurla bitirib və uğurla da artıq öz universitetlərinə geriyə qayıdıb. Onların kreditləri ali təhsil müəssisələri tərəfindən da tanınacaq. Bu o deməkdir ki, tələbələrin bu "bootcamp"də, bu IT düşərgəsində əldə etdiyi bilik, bacarıqlar onların dərəcə aldıqları universitetlərdə təhsillərinin bir hissəsi kimi hesab ediləcək."