Azərbaycan milli standartları beynəlxalq tələblərə uyğunlaşdırır - FOTO

Azərbaycan milli standartları beynəlxalq tələblərə uyğunlaşdırır - <span style="color: red;">FOTO
# 14 oktyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda dövrün tələblərinə cavab verməyən standartlar dövriyyədən çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bunu 14 oktyabr - Beynəlxalq Standartlaşdırma Günü münasibəti ilə bu gün Bakıda keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artır: «Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan ticarətdə texniki maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.-dən ibarətdir».

Komitə rəsmisi bildirib ki, hazırda Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir: «Azərbaycanda tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir».

N.Tağıyev qeyd edib ki, hazırda Azərbaycanda 709 milli standart və 20 878 dövlətlərarası standart qüvvədədir: «Bu il ərzində 49 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların arasında yerüstü rəqəmli televiziya qəbulediciləri, təhsil müəssisələrində qidalanma, nəqliyyat obyektlərinə adların verilməsi, əmlak adlarına ünvan nömrələrinin təyini, polad, beton və kompozit körpülər, gəmi lövbərləri, nəqliyyat vasitələrinə texniki xidmət və təmir, bərbərxana xidmətləri və s. göstərmək olar».

Şöbə müdiri bildirib ki, hazırda standartlaşdırma sahəsində müasir kadrların hazırlanması prosesinə start verilib: «Azərbaycanda standartlaşdırma sisteminin qanunvericiliyə uyğunlaşması aparılır. Həmçinin, milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR