Mehman Sadıqov: “2 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət stabildir”

Mehman Sadıqov: “2 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət stabildir”
# 10 sentyabr 2013 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət stabildir”. Bunu APA-ya açıqlamasında Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

M. Sadıqov 2 saylı cəzaçəkmə müəssisəsində narahatlıq yaranması barədə yayılan məlumatların əsassız olduğunu bildirib: “Əvvəla deyim ki, Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur. Penitensiar xidmətin özünün Mühafizə Alayı və müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü var. Əgər hansısa müəssisədə məhkumun və yaxud əməkdaşın həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, onların köməyindən istifadə oluna bilər. Cəzaçəkmə müəssisələrinə Daxili Qoşunların hansısa bir qüvvəsinin yeridilməsi absurd bir fikirdir. Əlbəttə, vaxtaşırı cinayətkar aləmin ideyalarına meyl göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir. İstər 2 saylı cəzaçəkmə müəssisəsində, istərsə də digər penitensiar müəssisələrdə vəziyyət tam nəzarət altındadır. Məhkumların hüquq və qanuni mənafeləri tam qorunur və hər hansı narahatçılıq üçün heç bir əsas yoxdur. Son müddət ərzində digər müəssisələrdə olduğu kimi 2 saylı cəzaçəkmə müəssisəsində də məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların xüsusi peşə təhsilinə, ictimai faydalı əməyə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin arasında məhkumlara göstərilən sosial və psixoloji yardımlar xüsusi diqqət mərkəzindədir. Qeyd olunmalıdır ki, Penitensiar xidmət və nazirliyin digər qurumlarının əməkdaşları, habelə qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələrə mütəmadi olaraq baş çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi qaydalarına tam nəzarət olunur”.

Qeyd edək ki, “Bizim Yol” qəzetində 2 saylı CM-də rejimə nəzarətin itməsi, Penitensiar xidmətin oraya Daxili Qoşunların qüvvələrini yeritməyi planlaşdırması barədə məlumat verilib. Məqalədə qarışıqlığın 2 saylı CM-də rəis dəyişikliyindən sonra başlandığı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR