İran XİN rəhbəri: “BMT Təhlükəsizlik Şurasının qətnamələri ilkin müqaviləyə daxil deyil”

İran XİN rəhbəri: “BMT Təhlükəsizlik Şurasının qətnamələri ilkin müqaviləyə daxil deyil”
# 08 noyabr 2013 13:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ilə səhər yeməyi zamanı bir araya gəlib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, tərəflər İranla “altılıq” ölkələri arasında noyabrın 7-də Cenevrədə keçirilmiş müzakirələri dəyərləndirmək məqsədilə yenidən görüşəcəklər və bugünkü danışıqların gündəliyi ilə məsləhətləşmələr aparacaqlar.

Bu arada M.C.Zərif jurnalistlərə açıqlamasında İranla “altılıq” ölkələri arasında noyabrın 7-də Cenevrədə keçirilmiş müzakirələr bağlı məlumat verib: “Müzakirələrimiz indiyədək yaxşı səviyyədə keçdi. Ancaq müəyyən bir irəliləyişin əldə olunduğunu demək də çətindir. Günortadan sonra müzakirə edilən məsələlər daha detallı və əhatəli idi. Müzakirələrdə irəliləyişin əldə olunması vəziyyətindəyik, amma reallaşması yenə də çətindir”.

İran XİN rəhbəri deyib ki, K.Eştonla görüşündə ilkin müqavilə sənədinin hazırlanması üçün bəzi məsələləri müzakirə ediblər: “Bu sənəd ilk addım, hədəflər və son addımı əhatə edir. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilkin müqaviləyə daxil deyil. Bu günün sonunadək razılaşmanın əldə olunması ehtimalı var”.

Bundan əlavə, Cenevrədə M.C.Zərif, K.Eşton və ABŞ dövlət katibi Con Kerri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə xəbər verilib. Eyni zamanda C.Kerri bu gün İranla “altılıq” ölkələri arasında davam etdirilən nüvə müzakirələrinə da qatılacaq. Ona görə də bu gün sona çatması gözlənilən danışıqların müddətinin bir gün daha uzanacağı, yəni müzakirələrə noyabrın 9-da yekun vurulacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR