Xətai rayonunda Səyyar Əmək Birjası keçirilib

Xətai rayonunda Səyyar Əmək Birjası keçirilib
# 08 fevral 2013 14:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan Səyyar Əmək Birjası fəaliyyətini Bakının Xətai rayonunda davam etdirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsi üçün işaxtaran vətəndaşların maarifləndirilməsinə daha çox ehtiyac duyulan ərazi kimi rayonun Əhmədli qəsəbə inzibati ərazisi seçilib. Burada yerli vətəndaşlar Bakı şəhərinin müxtəlif müəssisələrində mövcud boş iş yerləri (vakansiyalar) ilə tanış olmaq imkanları ilə yanaşı, aktiv məşğulluq tədbirləri barədə yerindəcə məsləhət almaq, peşə kurslarına cəlb olunmaq imkanı qazanıblar. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Bakı şəhər Məşğulluq İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, 2012-ci ildə Xətai rayonunda Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 494 nəfəri işlə təmin olunub, 139 nəfərə işsizlik müavinəti təyin edilib, 64 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Ümumilikdə Bakı şəhəri üzrə ötən il Məşğulluq Mərkəzləri tərəfindən 7639 nəfərin münasib işlərlə təmin edilməsinə, 1075 nəfərin peşə kurslarına cəlb edilməsinə nail olunub.

Cari il ərzində işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını daha da asanlaşdırmaq üçün 171 aktiv məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər içərisində Səyyar Əmək Birjasının təşkilinə də geniş yer veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR