Banya Luka şəhərində ikinci Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək

Banya Luka şəhərində ikinci Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək
# 15 fevral 2013 19:25 (UTC +04:00)

Bakı-APA. 2013-cü ilin 18-19 fevral tarixləri arasında Bosniya və Herseqovinanın ikinci böyük şəhəri olan Banya Luka şəhərində ikinci Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Sarayevodakı ofisindən APA-ya verilən məlumata görə, nüfuzlu iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinə AR iqtisadi inkişaf naziri Şahin Mustafayev başçılıq edəcəkdir. Forum çərçivəsində BH və Azərbaycan şirkətlərinin geniş təqdimatları keçiriləcək, qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq imkanları araşdırılacaq.

Səfər zamanı nazir Ş.Mustafayevin BH Rəyasət Heyəti, xarici işlər nazirliyi və Serb Respublikasının rəhbərliyi görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 18 oktyabr 2012-ci ildə Bosniya və Herseqovinanın nüfuzlu işgüzar dairələrin təmsilçilərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Bakıda ilk Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçirilib. Forum zamanı "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Bosniya və Herseqovina Xarici Ticarət Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş" imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR