Bank Of Baku

Moldovada Şuşanın işğalının ildönümü ilə bağlı tədbir keçirilib

Moldovada Şuşanın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
# 08 may 2018 17:39 (UTC +04:00)

Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar Moldovada Şuşanın işğalı ilə bağlı abidənin önündə mərasim keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən mərasimdə səfirlik və Konqres nümayəndələri, azərbaycanlı və moldovalı tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Azərbaycanın qədim mədəniyyət  mərkəzi və musiqi beşiyi olan Şuşanın erməni separatçıları tərəfindən işğalından 26 il ötdüyünü, işğalın hazırda da davam etdiyini, işğal zamanı yüzlərlə mədəniyyət, tarixi abidələrimizin, minlərlə yaşayış məskənlərinin erməni  işğalçıları tərəfindən amansızcasına dağıdıldığını, minlərlə insanın öz doğma yurd-yuvasından didərgin, qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və yüzlərlə insanın vəhşiliklə qətlə yetirildiyi, əsir və girov götürüldüyünü xüsusilə vurğulayıb. Diplomat qeyd edib ki, bu gün hər bir azərbaycanlı gənc öz tarixini, keçmişini yaxşı bilməli, torpaq təəssübkeşliyi hər bir azərbaycanlının qanında olmalıdır.

 

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov isə tarixi Azərbaycan torpaqlarının hazırda işğal altında olduğunu, torpaqları qorumağın hər birimizin borcu olduğunu vurğulayıb.

 

Tədbirin sonunda iştirakçılar abidə önünə əklillər qoyublar.

 

Həmin gün Azərbaycan səfirliyinin konfrans zalında dəyirmi masa keçirilib. Tədbirdə azərbaycanlı və moldovalı tələbələr iştirak ediblər. İştirakçıların diqqətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tarixi faktlar və həqiqətlər çatdırılıb. Tədbirdə çıxış edən azərbaycanlı tələbələr yerli və xarici tələbələrə Azərbaycan Respublikasının 20%-dən çox torpağının Ermənistan Respublikası tərəfindən işğal olunduğunu, 1 milyondan artıq insanın öz doğma torpaqlarından qovulduğunu və bu gün də qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olduqlarını, Ermənistanın hazırda işğalçı siyasətini davam etdirdiyini, işğalçı ordunun təmas xəttində dəfələrlə atəşkəsi pozduğunu, günahsız mülki əhali daxil olmaqla, əsgərlərimizin erməni vandalizminin, amansızlığının qurbanlarına çevrildiyini bildiriblər.

 

Tədbirdə münaqişə ilə bağlı Moldova tərəfini maraqlandıran suallar cavablandırılıb. Münaqişəyə dair ətraflı məlumat əldə edən moldovalı tələbələr də öz növbəsində baş vermiş işğalı pisləyib, işğalın heç bir halda qəbul edilməyəcəyini bildirərək, hər bir suveren, müstəqil dövlətin, o cümlədən Azərbaycan Respublikasının da ərazi bütövlüyünün toxunulmaz olduğunu qeyd ediblər.

 

Tədbirin sonunda Şuşanın işğalı ilə bağlı sənədli film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR