Müəllimlərin orta yaş həddi açıqlanıb

Müəllimlərin orta yaş həddi açıqlanıb
# 06 iyul 2016 08:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllimlərin orta yaş göstəricisi 45-dir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, kişi müəllimlərin yaş göstəricisi 48, qadınlarda isə 43 təşkil edir. Müəllimlərin orta yaş göstəricisində minimum ortalama yaş 40 olmaqla Laçın və Yardımlı rayonlarında, maksimum isə 51 olmaqla Şirvan rayonunda qeydə alınıb. Bakı şəhəri üzrə müəllimlərin ortalama yaş göstəricisi 48-dir.

Ümumilikdə, Azərbaycanın məktəblərində 149 602 müəllim çalışır. Onlardan 28 848-i Bakı şəhərində, 10 648-i digər 5 şəhərdə (Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt), 6 966-sı Naxçıvanda, 4 398-i Təhsil Nazirliyinin və digər qurumların tabeçiliyində və özəl qurumlarda, qalan 98 742 müəllim isə digər rayonlarda çalışır.

Müəllimlərin sayına görə Sumqayıt Bakıdan sonra liderdir. İlk beşlikdə Sumqayıt (4 273), Şəki (4 003), Gəncə (3 835), Lənkəran (3 778) və Binəqədi (3 667) müəllim heyəti ilə qərarlaşıb. Müəllimlərin sayına görə ən az müəllim sayı olan beşlik aşağıdakı ardıcıllıqla sıralanıb: Sədərək, Naftalan, Pirallahı, Naxçıvanın Təhsil Nazirliyinin tabeçiliyində olan məktəblər və Xızı rayonu.

Respublika üzrə ali məktəblər istisna olmaqla digər bütün təhsil ocaqlarında çalışan təhsil işçilərinin 79,1%-ni qadınlar təşkil edir. Ümumtəhsil məktəblərində direktorların 30%-i, direktor müavinlərinin isə 49%-i qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR