Ukraynadakı diaspor nümayəndəsinin Azərbaycana giriş qadağası aradan qaldırılıb

Ukraynadakı diaspor nümayəndəsinin Azərbaycana giriş qadağası aradan qaldırılıb
# 15 iyul 2016 16:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Sumi vilayətinin azərbaycanlılar Konqresinin sədri Mehriban Salmanovaya Bakıda keçirilən Dünya Azərbaycanlıları Qurultayından qayıdarkən qoyulan bir il müddətinə ölkəyə giriş qadağası ləğv olunub. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, artıq dünəndən etibarən M. Salmanovanın Azərbaycana girişinə qoyulan qadağa aradan qalxıb.

R. Tağıyev bildirib ki, APA İnformasiya Agentliyi məsələni işıqlandırdıqdan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin M. Salmanovanın müraciəti əsasında Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə apardığı məsləhətləşmələrdən sonra qanuna müvafiq şəkildə qoyulan qadağa aradan qalxıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, iyulun 13-də M. Salmanova APA-ya bildirib ki, on iyunun 3-4 Bakıda keçirilən Dünya Azərbaycanlıların IV Qurultayından geri qayıdarkən Miqrasiya Məcəlləsinin tələblərini pozduğunu xatırladaraq 1 illik deportasiya ediblər. O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəvət olunduğu qurultay bitdikdən sonra ata yurdu Şəki şəhərinə baş çəkib, iyunun 12-də Bakıda hava limanından Ukraynaya geri qayıdarkən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları ona qanunvericiliyi pozduğunu və 300 manat məbləğində cərimə olunduğunu bildiriblər. M. Salmanova qanunu pozmasından xəbərsiz olduğunu, dəvət edən qurum tərəfindən ona belə bir xəbərdarlıq edilmədiyni əsas gətirərək cəriməni ödəməkdən imtina edib. DMX əməkdaşları bu halda qanunvericiliyə əsasən, onun Azərbaycana girişini 1 il müddətinə məhdudlaşdıraraq Ukraynaya yola salıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR