DMX-nin Lənkəran Regional İdarəsində xarici ölkə vətəndaşları və sahibkarlarla görüş keçirilib

DMX-nin Lənkəran Regional  İdarəsində xarici ölkə vətəndaşları və sahibkarlarla görüş keçirilib
# 21 fevral 2013 14:52 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. “Əgər 10 il bundan öncə Azərbaycanda az sayda miqranta rast gəlinirdisə, son dövrlərdə ölkəyə gələn miqrantların sayı 10 minlərlədir. Bu da Azərbaycanın iqtisadi gücünün yüksəlməsi ilə bağlıdır”. APA-nın cənub bürosunun məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) Lənkəran Regional İdarəsində xarici ölkə vətəndaşları və sahibkarlarla görüşdə DMX-nin idarə rəisi Siyasət Alıyev deyib. Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkələrdən olan miqrantların və sahibkarların iştirak etdikləri tədbirdə çıxış edən S. Alıyev təmsil etdiyi qurumun yaranma tarixindən, fəaliyyətindən danışıb. Bildirib ki, hətta respublikamızda Avstraliyadan gələn miqrant sahibkarlara da rast gəlinir: “Hazırda Azərbaycana gələn xarici vətəndaşların sayı 10 minlərlədir. Miqrantlar ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Əsasən neft-qaz sahəsində, o cümlədən fərdi əməklə məşğul olanlar üstünlük təşkil edir. Ən yüksək maaşla təmin olunan miqrantların harada yaşaması və hansı fəaliyyətlə məşğul olması barədə Xidmətdə müvafiq məlumatlar toplanıb”.

İdarə rəisinin sözlərinə görə, elə sahibkarlar var ki, xaricdən gələn miqrantların işləməsi üçün DMX-nə nə müraciət edir, nə də icazə alırlar. Həmin miqrantlar aşkar edilib ölkədən çıxarılanda isə problemlər yaranır.

DMX-nin Lənkəran Regional İdarəsinin rəisi Səmədağa Abdullayev da çıxışında bölgənin mərkəzi sayılan Lənkəranda Türkiyə, Rusiya, ABŞ, İran, Ukrayna, Qazaxıstan və Türkmənistandan olan miqrantlar yaşayıb işlədiklərini deyib: ”Bununla belə bəzi hallarda miqrantların ölkə qanunlarını kobud şəkildə pozulmaları faktına da rast olunur. Belə ki, xarici ölkədən gələn vətəndaşların vaxtında qeydiyyata düşməməsi, qaldıqları yerin məlum olmamsı müxtəlif çətinliklər yaradır. Bunun nəticəsi olaraq 2012-ci ildə 319 əcnəbi vətəndaşına ölkə qanunvericiliyinə müvafiq qaydada cərimələr kəsilib”. S.Abdullayevin sözlərinə görə, cənub bölgəsində ən çox üzləşilən problemlərdən biri də bəzi məktəblilərin valideynlərinin Azərbaycan vətəndaşları olmalarına baxmayaraq, xarici ölkədə doğulduqlarından şəxsiyyəti təsdiq edən sənədləri vaxtında ala bilməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR