“Nizami” Kino Mərkəzində “Yarımçıq xatirələr” filminin premyerası olub

“Nizami” Kino Mərkəzində “Yarımçıq xatirələr” filminin premyerası olub
# 10 may 2015 02:57 (UTC +04:00)

Bakı-APA. “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” filminin premyerası olub.

APA-nın məlumatına görə, filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Vətən müharibəsi veteranlarını, əsgərləri, zabitləri və generalları, habelə Belarus və Gürcüstan nümayəndə heyətlərini salamlayaraq onları Qələbə bayramı münasibətilə təbrik edib.

Sonra filmin yaradıcı kollektivi səhnəyə çıxıb. Qeyd edək ki, filmin 150 nəfərdən ibarət yaradıcı kollektivi keçmiş sovet xalqlarının nümayəndələri – beloruslar, gürcülər, azərbaycanlılardır.

Kollektivi tamaşaçılara təqdim edən rejissor Elxan Cəfərov ekran əsərinin yaradılmasına dəstək olduqlarına görə Müdafiə və Daxili İşlər Nazirliklərinə təşəkkürünü bildirib.

Azərbaycan və rus dillərində səsləndirilən filmin əsas çəkilişləri Belarusda – Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb.

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssam Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.

Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR