Mircəlal Qasımov: “Azərbaycan yığması Asiya zonasında yüksək yerlər uğrunda mübarizə aparar”

Mircəlal Qasımov: “Azərbaycan yığması Asiya zonasında yüksək yerlər uğrunda mübarizə aparar”
# 19 avqust 2014 09:46 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan yığmasının ABŞ-a 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşünə baxmışam. Komandanız meydana 4-2-3-1 sxemi ilə çıxmışdı. Həmin matçda künc zərbəsindən sonra qol vuruldu. Azərbaycan futbolçuları həmişə texniki cəhətdən seçiliblər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov deyib.

Sabah yoldaşlıq görüşü çərçivəsində millimizlə qarşılaşacaq asiyalıların çalışdırıcısı bu gün mətbuat keçirib. Yığmamızın heyətində hansısa futbolçunu tanımadığını deyən özbəkistanlı çalışdırıcı yalnız 4 və 7 nömrəli oyunçuları fərqləndirib: “Fikrimcə, sabah məhsuldar qarşılaşma alınacaq. Futbolçuları yoxlama üçün bundan yaxşı şans olmayacaq. Azərbaycan millisinin meydana əsas heyətlə çıxmamağı problem deyil. Çünki bu, FİFA-nın təqviminə aid olmayan bir qarşılaşmadı. Yığmanızın heyətində isə heç kimi tanımıram. Yalnız 4 (Mahir Şükürov - red.) və 7 (Vaqif Cavadov – red.) nömrəli formanı geyinən futbolçuların yaxşı oyunçular olduğunu bilirəm”.

Qasımov qeyd edib ki, millimizlə oyunu keçirməkdə məqsəd İordaniya və Yeni Zelandiya ilə seçmə görüşlərə hazırlaşmaqdı: “Biz bu görüşlərə hazırlaşırıq. Ona görə ehtiyat heyətin nəyə qadir olduğunu bilmək istəyirik”.

O, bir müddət “Neftçi” klubunun formasını geyinmiş Bahodir Nasimovun yığmaya çağırılmağına da münasibət bildirib: “Bu oyuna əsasən ehtiyat heyəti gətirmişəm, həm də Bahodir klubsuzdu. Bu üzdən onu çağırmamağı lazım bildik”.

Qasımov Azərbaycan yığmasının Asiya zonasında çıxış edəcəyi halda, qazana biləcəyi nəticələrə də toxunub: “Yaxşı təsir bağışlayardı. Mənim gördüyüm oyuna əsasən, yüksək yerlər uğrunda da mübarizə aparardı. Sentyabrda sizin seçmə mərhələniz başlayır. Yığmanıza uğurlar arzulayıram. Ümid edirəm ki, final mərhələsinə çıxacaqsınız”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR