“Simurq”un futbolçuları “Neftçi” haqda “Partizan”a məlumatlar ötürür

“Simurq”un futbolçuları “Neftçi” haqda “Partizan”a məlumatlar ötürür
# 20 avqust 2014 10:01 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan çempionatı inkişaf edib. Burda futbola böyük sərmayələr qoyulur”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un yeni transferi Marko Stanoyeviç deyib.

Zaqatala təmsilçisinin “Şerif”dən (Moldova) icarəyə götürdüyü serbiyalı futbolçu Topaz Premyer Liqasını tərifləyib.

O bildirib ki, Azərbaycan çempionatı Serbiya Superliqasından daha səviyyəlidi: “Azərbaycanın bütün klublarını hələ tanımıram. Amma komanda yoldaşlarımdan həmin klubların qibtə ediləsi büdcələrinin olduğunu öyrənmişəm”.

26 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Partizan” və “Neftçi” arasında keçiriləcək görüşlərdən də danışıb: “Neftçi” çempionatın ilk matçında “Araz-Naxçıvan”a 0:3 hesabı ilə uduzdu. Ancaq Bakı klubunun baş məşqçisi bunu onunla əsaslandırdı ki, əsas heyət üzvlərini “Partizan”la qarşılaşmaya görə meydana buraxmayıb. Bu səbəbdən həmin məğlubiyyət böyük əhəmiyyət kəsb etmir. “Partizan”la görüşlə bağlı burda geniş müzakirələr aparılır, ancaq Serbiyadakı kimi gərginlik yoxdu”.

“Partizan”ın əzəli rəqibi “Srvena Zvezda”nın yetirməsi olmasına baxmayaraq, Marko və “Simurq”dakı komanda yoldaşı Draqan Çeran Serbiya klubu üçün “casus” rolunda çıxış edəcəklərinə də söz verib: “Neftçi” Azərbaycanın ən böyük klublarından biridi. “Partizan”a asan olmayacaq. Baxmayaraq ki, “Partizan” əzəli rəqibimiz olub, ancaq biz bu komandaya “Neftçi” haqqında məlumat toplamaqda kömək edəcəyik”.

Qeyd edək ki, Marko Stanoyeviç 2 dəfə “Şerif”lə Moldova çempionu, 1 dəfə isə həmin ölkənin Superkubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR