DİN Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

DİN Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
# 02 iyul 2012 11:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Polisi bu gün yaranmasının 94-cü ildönümünü qeyd edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə daxili işlər nazirinin təklifi ilə mərasim iştirakçıları Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən Ramil Usubov ötən 94 il ərzində Azərbaycan Polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, müxtəlif mərhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, vətənə, xalqa, anda sədaqətlə, ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb.

Nazir qeyd edib ki, polis və Daxili Qoşunlar dövlətin və xalqın ən çətin anlarında Vətənin müsəlləh əsgəri olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən respublikamızın ərazi bütövlüyünü mərdliklə qoruyub. Bu döyüşlərdə 1695 əməkdaş və hərbi qulluqçu şəhid olub, 76 nəfər «Milli Qəhrəman» adına layiq görülüb. Bununla bərabər, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 94 əməkdaşımızın həlak olması, 1778 nəfərin xəsarət alması da - vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən müdafiə etməyə həmişə hazır olan, zəruri anda xidməti borcunu layiqincə yerinə yetirmək naminə həyatını belə əsirgəməyən asayiş keşikçilərinin gərgin əməyinin və əzmkarlığının əyani təsdiqidir.

R. Usubov vurğulayıb ki, artıq uzun illərdir ki, respublikamız ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində Avropa və MDB məkanında lider dövlətlərdəndir. Həmçinin qeyd edilib ki, ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində şəxsi heyətin vəzifə və rütbəyə görə maaşlarının artırılması ilə bağlı 2004-2011-ci illərdə 10 sərəncam imzalanıb, əlavə sosial ödənişlər müəyyən edilib. 1991-ci illə müqayisədə nazirliyin büdcəsi 12 dəfə artıb ki, bu dəyişikliklərin də əsas xəttini maddi-texniki bazanın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması təşkil edib.

Mərasimdə bildirilib ki, 2011-2012-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 192, ümumilikdə, 314 məzun bitirir. Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Mətləb Ağagülova, Eldar Qədimova, Şöhrət Hüseynova və Hüseyn Mənsimliyə diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib. Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Eldar Qədimov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub. Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR