Bakıda “Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar” adlı konfrans keçirilib

Bakıda “Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar” adlı konfrans keçirilib
# 02 noyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda “Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar” adlı elmi-nəzəri konfrans keçirilib.

APA-nın xəbərinə görə, AMEA İqtisadiyyat İnstitutu və “Dialoq Avrasiya Platformu”nun birgə təşkilatçılığı ilə baş tutan konfrans 31 oktyabr Dünya Qənaət Gününə həsr olunub.

Tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycanda əhalinin qida təhlükəsizliyi, keyfiyyətli ərzaq məhsulları ilə təminatı ilə bağlı bir sıra proqram və layihələr icra olunur. Bu işlərin mütəmadi olaraq davam etdirildiyini deyən M.Kərimov vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycan ərzaq çatışmazlığı, yoxsulluq və aclıq problemlərindən əsasən azaddır. Onun fikrincə, hər hansı ölkədə yeraltı və yerüstü sərvətlərin zənginliyi hələ ölkədə insanların yaxşı yaşaması demək deyil: “Əsas məsələ təbii sərvətlərdən səmərəli şəkildə istifadə edilməsidir. Dünyanın bir tərəfində bolluq və bolluqdan yaranan israfçılıq olduğu halda, digər tərəfdə insanlar doyunca yemək tapmır, normal qidalana, yaxud sağlam qida tapa bilmirlər. Bunu dünyanın bir sıra ölkələrində, o cümlədən Somali, Pakistan, Əfqanıstan və digər Afrika dövlətlərində bu sahədə vəziyyətin necə olduğunu görürük”.

AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev qeyd edib ki, mövcud problemlərin qarşısını almaq üçün hələ çox işlər görülməlidir: “Dünyada baş verən tendensiyalar bizi düşünməyə vadar edir. Azərbaycan hökuməti əhalinin taxılla təminatına dair mühüm işlər görüb və bunlar davam etdirilməlidir”. İ.Alıyev problemlərin qarşısını almaq və aradan qaldırmaq üçün iqtisadçıların bir çox təkliflərinin olduğunu deyib. Onun sözlərinə görə, mövcud ehtiyatlardan qənaətlə istifadə etmək, müvafiq proqnozlaşdırmalar aparmaq, əhali artımı ilə ərzaq artımı arasındakı nisbətləri müəyyənləşdirmək lazımdır.

Millət vəkili Qənirə Paşayeva isə sözügedən problemin ilk növbədə iqtisadi deyil, mənəvi böhran olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR