Fariz Məmmədov: “Rəqibim erməni yox, başqa millətdən olsaydı, imtina edərdim”

Fariz Məmmədov: “Rəqibim erməni yox, başqa millətdən olsaydı, imtina edərdim”
# 03 may 2012 12:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov 7 illik fasilədən sonra ilk döyüşünü mayın 12-də keçirəcək. Apasport.az saytının məlumatına görə, Almaniyanın Vaysvater şəhərində təşkil olunacaq görüşdə onun rəqibi Avstriyada yaşayan Ermənistan boksçusu Jeqise Tomasyan olacaq.

28 yaşlı Tomasyanla qarşılaşma 66 kq çəki dərəcəsində 12 raunddan ibarət olacaq. WBCA versiyası üzrə keçiriləcək döyüş öncəsi Məmmədov mətbuat konfransı keçirib. Tədbirdə o, həbsdən çıxdıqdan cəmi 4 ay sonra döyüşə başlamasına səbəb kimi rəqibin məhz erməni olmasını göstərib.

Məşqlərə bir aydan artıqdır başladığını deyən boksçumuz əvvəllər WBO və WBC versiyaları üzrə çempionluq kəməri yaşadığını xatırladıb. O, rəqibinin Ermənistanda reytinqcə 3-cü olduğunu söyləyib: “Başqa rəqib olsaydı, dərhal imtina edərdim. Amma eşidəndə ki, erməni boksçu mənimlə döyüşmək istəyir, dərhal razılıq verdim. Çünki burada şəxsi prinsiplərdən əlavə, milli məsələ də var”.

Məmmədov Tomasyanla döyüşə mayın 4–də yollanacaq. Əvvəlcədən nəzərdə tutulandan bir həftə tez gedişinə səbəb boksçumuzun Almaniyada da mətbuat konfransı keçirəcəyi və yerli şəraitə uyğunlaşmasıdır. Döyüşün mükafat fondunun məbləğinin onu maraqlandırmadığını deyən idmançımız məqsədinin kəmər qazanmaqdan ibarət olduğunu vurğulayıb: “2001-ci ildə də İspaniya və Rusiya klubları ilə müqavilə bağladığım vaxt da bunu demişdim: Məni kəmər maraqlandırır. Amma 7 il əvvəlki kimi hazırlıqlı olduğumu demək düzgün olmazdı. Fiziki baxımdan 90 faiz hazırlıqlıyam. Amma psixoloji cəhətdən tam hazıram. Nə qədər döyüşə biləcəyimi rinq göstərəcək. 7 il məşq etməməyim çəki dərəcəmə də təsirsiz ötüşməyib. Əvvəllər 61,2 kq çəkidə döyüşürdümsə, indi 66 kq-da rinqə çıxacağam. 63 kq-da döyüşmək fikrim var idi”.

Qeyd edək ki, Almaniyadakı gecədə daha 3 görüş baş tutacaq. Onlardan biri də Almaniyada yaşayan həmyerlimiz Azad Əzizovun iştirakı ilə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR