Azərbaycanlı həkimin elmi işi Türkiyədə mükafata layiq görülüb - MÜSAHİBƏ - FOTOSESSİYA

Azərbaycanlı həkimin elmi işi Türkiyədə mükafata layiq görülüb - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 15 fevral 2012 08:00 (UTC +04:00)
“Biz Azərbaycanda ilk dəfə laparoskopik nefrektomiya əməliyyatını icra etdik, artıq on səkkiz xəstə üzərində bu əməliyyat uğurla aparılıb”

Bakı – APA. Müsahibimiz Mərkəzi Neftçilər Xəstəxanasının urologiya mütəxəssisi dr. Rəşad Məmmədovdur

- Doktor, özünüz haqqında məlumat verərdiniz .

- Elmi işlərə tələbə vaxtlarımdan həvəsim olub. Hələ tələbə ikən 4 elmi işlə Universitetimizin konfranslarında çıxış etmişəm. Hətta 2002-ci ildə ilin ən yaxşı tələbə elmi tədqiqatçısı adına layiq görülmüşəm. 2003 ildə Universiteti bitirdikdən sonra Türkiyə Respublikasının Ege Universitetinin Urologiya Klinikasında uzmanlıq təhsilinə başladım. 2009-cu ildə uzmanlıq dissertasiyamı müdafiə edərək, urologiya uzmanı (mütəxəssisi) adını qazanaraq Vətənə döndüm. Elə o tarixdən də Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində çalışıram.

- Əldə etdiyimiz məlumata görə, bu sizin ilk uğurunuz deyil.

- Bəli. Mən 52 elmi işin müəllifiyəm və dünyanın bir çox ölkəsində elmi işlərim çap olunub. Dünya çapında önəmi olan müxtəlif elmi konfranslarda da elmi işlərimi məruzə etmişəm.

- Necə oldu ki, elmi işiniz mükafata layiq görüldü? Ümumiyyətlə, bu elmi işiniz haqqında da oxucularımıza məlumat verərdiniz...

- İlk öncə deyim ki, elmi işim fundamental eksperimental elmi işdir. Bu elmi araşdırmada dünya tibb ədəbiyyatında ilk dəfə olaraq testosteronun eksperimental sidik qaçırma modelində effektivliyi göstərilib. Bununla da qadınlarda sidik qaçırma xəstəliyinin müalicəsində tamam yeni cığırın yaranacağına ümid edirik. Türkiyədə gerçəkləşdirilən beynəlxalq statuslu konfransda bu elmi işim mükafat komissiyası (urologiya sahəsində məşhur elm adamlarından yaradılmış komissiya) tərəfindən dəyərləndirilib və mükafata layiq görülüb.

- Sizin barənizdə məlumat toplayarkən məlum oldu ki, siz eyni zamanda Azərbaycanda ilk laparoskopik nefrektomiya əməliyyatı etmiş cərrahsınız. Hətta AzTV bu məsələni geniş işıqlandırıb. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, 2 aprel 2011 tarixində respublikamızda ilk dəfə olaraq laparoskopik nefrektomiya - qapalı yol ilə xəstə böyrəyin vücuddan xaric edilməsi əməliyyatını həyata keçirdik. O tarixdən bu günə kimi artıq 18 xəstə üzərində bu əməliyyat uğurla aparıldı. Bu əməliyyatı klassik, yəni açıq metodla aparılan nefrektomiya əməliyyatından fərqləndirən xüsusiyyətləri aşağıdakı şəkildə sıralamaq olar: vücuda minimal zərər verilir, əməliyyatdan sonrakı dövrdə ağrı olmur, kosmetik effekt yaxşı olur və xəstə 1-2 günə evə yazılır. Bu sahədə ölkəmizdə ən təcrübəli mərkəzin həkimi olaraq deyə bilərəm ki, laparoskopik nefrektomiya mürəkkəb əməliyyat olsa da, biz bu əməliyyatı təxminən 60-90 dəqiqəyə icra edirik. Onu da vurğulamaq istəyirəm ki, 5-9 oktyabr 2011 il tarixində Türkiyə Respublikasında gerçəkləşdirilən 9-cu Beynəlxalq Endourologiya Konqresində “Laparoskopik Nefrektomiya: Azərbaycanın ilk seriyası” başlıqlı məqalə ilə məruzəm oldu. Bu məruzəmdə o vaxt üçün (oktyabr 2011) 11 xəstəlik laparoskopik nefrektomiya seriyamızı məruzə etdim. Müxtəlif ölkədən gələn elm adamları da bir daha şahid oldular ki, Azərbaycanda tibbi günü gündən inkişaf edir.

- Gələcək planlarınız?

- Cərrahiyyənin bütün sahələrində olduğu kimi, urologiyanın da ana xətti minimal invaziv (endoskopik və laparoskopik əməliyyatlar) yanaşmadır. Oxucularımızın da diqqətinə çatdırıram ki, hal –hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində sidik tənasül orqanlarının bütün xəstəlikləri endoskopik və laparoskopik metodların tətbiqi ilə əməliyyat edilir. 2011-ci ildə mən Koreya Respublikasının Yonsei Universitetində Robotik Cərrahiyyə üzrə də təhsil aldım. Hal hazırda məqsədimiz Azərbaycanda robotla uroloji (Robotik Uroloji Cərrahiyyə) əməliyyatları tətbiq etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR