Musiqili Komediya Teatrında mərhum aktrisa Lütfiyyə Səfərova anılacaq

Musiqili Komediya Teatrında mərhum aktrisa Lütfiyyə Səfərova anılacaq
# 07 mart 2012 10:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 11-də tanınmış aktrisa, uzun illər Musiqili Komediya Teatrında çalışmış mərhum Lütfiyyə Səfərovanın doğum günüdür. Həmin gün aktrisanın xatirəsinə hörmət əlaməti olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında «Talelər qovuşanda» (R.Hacıyev, F.Zöhrabov) tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Elvin Əliyev, Nərgiz Kərimova, Emil Heydərov və başqaları çıxış edəcək.

Xatırladaq ki, mərhum aktrisa bu tamaşada uzun illər Nazpəri obrazını ifa edib. Tamaşadan öncə teatrşünas Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barədə çıxış edəcək. Teatrın foyesində isə ona həsr olunmuş sərgi nümayiş ediləcək.

Lütfiyyə Səfərova 1941-ci ildə anadan olub. Tetra gəldiyi ilk günlərdən özünü zəhmətkeş, istedadlı aktrisa kimi göstərən və əsas rolların ifaçısına çevrilən L. Səfərova F.Əmirovun «Gözün aydın» komediyasında Leyli, V.Adıgözəlovun «Nənəmin şahlıq quşu» əsərində Nazlı, E.Sabitoğlunun «Hicran» komediyasında Çarleston, Ş.Axundovanın «Ev bizim, sirr bizim» əsərində Çiçək və onlarla başqa obrazlarda çıxış edib. 1989-cu ildən Bakı Bələdiyyə «Tənqid-Təbliğ» teatrında işləyən aktrisa 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya teatrına qayıdır və bir-birindən məzmunlu, zəngin obrazlar yaradır. O, «92 dəqiqə gülüş»də Qəmziyyə, «Hələlik» tamaşasında Lalə, «On min dollarlıq keyf»də tərcüməçi qadın, «O olmasın, bu olsun»da Sənəm, «Dəli dünya»da ana, «Nəğməli Könül»də Qəmər xanım, «Bankir adaxlı»da Ceyran və s. kimi obrazların öhdəsindən yüksək professionallıqla gəlib. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib. Aktrisa 2010-cu il martın 1-də vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR