Elçin Behbudov: “Bizə işgəncələrlə bağlı daxil olan şikayətlər azalır” - MÜSAHİBƏ

Elçin Behbudov: “Bizə işgəncələrlə bağlı daxil olan şikayətlər azalır” - <font color=red>MÜSAHİBƏ </font>
# 20 fevral 2012 10:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bununla bağlı APA-ya müsahibə verib.

- Elçin bəy, hüquq müdafiəçisi kimi nə vaxt fəaliyyətə başladınız?

- 1997-ci ildə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayevanın yanında çalışmağa başladım. Həmin vaxtdan da hüquq müdafiəçisi kimi çalışıram. Bildiyiniz kimi, 80-ci illərdən 1995-ci ilə qədər hüquq-mühafizə orqanlarında çalışmışam. Daha sonra isə haqsız yerə həbs olundum. Həbsdən çıxdıqdan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərməyi qərara aldım.

- İşgəncələrə Qarşı Azərbaycan Komitəsi nə zaman yaradıldı?

- Azərbaycan Avropa Şurasına üzv olandan sonra düşündüm ki, bizdə belə bir komitənin yaradılmasına ehtiyac var. 2002-ci il fevralın 20-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsini yaratdıq. Özüm də həbsdə olduğum zaman işgəncələr görmüşəm. Həmçinin uzun müddət hüquq-mühafizə orqanlarında işlədiyim və bu sistemə bələd olduğum üçün komitəni yaratdıq. 2005-ci ildə isə çətinliklə də olsa Ədliyyə Nazirliyi tərəfindən komitə dövlət qeydiyyatına alındı. Artıq bu gün fəaliyyətə başlamağımızın 10 ili tamam olur. Komitəmizin 300-ə yaxın üzvü var. Həmçinin yerlərdə 13 regional mərkəzimiz fəaliyyət göstərilər.

- Komitənin yaradılmasında əsas məqsədiniz nədən ibarət idi?

- Bizim əsas məqsədimiz işgəncəyə məruz qalan şəxslərin hüquqlarını müdafiə etmək və işgəncə verən güc strukturlarını ifşa etməkdən ibarətdir. Biz bununla bağlı illik hesabatlar hazırlayırıq. Komitəyə əsasən, saxlanılan şəxslərin vəkilləri və ailə üzvləri müraciət edirlər. Biz də həmin müraciəti araşdırırıq. Həmin işgəncə faktını araşdırıb güc strukturlarının rəhbərlərinə məlumat veririk. Çox təəssüflər olsun ki, həmişə də bizim müraciətə cavab olaraq bildirilər ki, işgəncə faktı öz təsdiqini tapmayıb.

- İşgəncələrə Qarşı Azərbaycan Komitəsi hansı dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir?

- Biz daxili işlər, milli təhlükəsizlik, müdafiə, səhiyyə, təhsil nazirlikləri ilə, Respublika Prokurorluğu ilə, həmçinin BMT-nin İşgəncələrə Qarşı Komitəsi, ATƏT, Avropa İttifaqı, “Human Rights Watch” təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.

Adlarını qeyd etdiyim nazirliklərin tabeliyində olan qapalı yerlərdə monitorinqlər keçirir və nəticələr barədə həmin qurumların rəhbərlərinə məlumat veririk. Əvvəllər bizim Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığımız olub. Lakin təəssüflər olsun ki, hazırda əməkdaşlığımız yoxdur. Bəzi orqanları tənqid edəndə bu onların xoşuna gəlmir. Lakin əminəm ki, yaxın vaxtlarda bizim aramızda olan problemlər həll olunacaq və əməkdaşlığımız davam edəcək. Mən ədliyyə naziri yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin ilk üzvlərindən biri olmuşam. Lakin orada bəzi tənqidi fikirlər səsləndirdiyim üçün bu kimlərinsə xoşuna gəlmədi. Monitorinqlərin şəffaf keçirilməsi üçün əvvəlcədən bununla bağlı məlumat vermək olmaz. Onlar isə getməmişdən iki gün qabaq məlumat verib, sonra gedirlər. Bu düzgün deyil. Amma hazırda da Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər də bizə müraciət edirlər. Biz monitorinqlər zamanı gördüyümüz problemləri birbaşa həmin qurumun rəhbərinə çatdırırıq ki, tədbir görülsün. Mənim daxili işlər naziri Ramil Usubovla, həmçinin milli təhlükəsizlik naziri Eldar Mahmudovla çox sıx, işgüzar əlaqələrim var. Onlar hər zaman məni səmimi qarşılayır və problemlərin həll olunmasına diqqət yetirirlər. Ramil Usubov hər zaman bildirir ki, komitədən daxil olan şikayətlər birbaşa onun nəzarəti ilə araşdırılır. Nazir deyir ki, əgər biz sizə “işgəncə faktı təsdiqini tapmadı”, deyə cavab veririksə, elə bilməyin ki, biz o işçini və ya o idarənin rəhbərliyini cəzalandırmırıq. Məktubda adı hallanan polis işçisi və ya həmin idarənin rəhbərliyi mütləq cəzalandırılır. Təəssüflər olsun ki, bəzi jurnalistikadan xəbəri olmayan şəxslər yazılar ki, niyə hüquq müdafiəçisi nazirlərlə görüşür? Bizim işimiz belədir, əlaqəli işləmək lazımdır. Əgər mən onların rəhbərlik etdiyi qurumda monitorinq keçirdirəmsə, onlarla necə əlaqə saxlamaya bilərəm? Səbayel rayon Polis İdarəsinə yeni bina tikiləndə müvəqqəti saxlanma təcridxanasının gəzinti yerini yaratmamışdılar. Həmin problemi Ramil Usubova dedim. 15 gündən sonra getdim ki, gəzinti meydançası hazırdır. Həmçinin Quba rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanası şahların zamanından qalan zindanları xatırladırdı. Nazirin göstərişi ilə onu bağlayıb, yenisini tikdilər.

- İşgəncə faktı deyiləndə əsasən hansı amillər nəzərdə tutulur?

- Bəzi hüquq müdafiəçiləri ailədə ərin arvadı, ata-ananın uşağı döyməsini də işgəncə faktı kimi qələmə verirlər. Lakin beynəlxalq aləmdə bu hallar zorakılıq kimi qəbul olunub. İşgəncə dedikdə isə dövlət orqanın əməkdaşının, güc strukturlarının əməkdaşları tərəfindən həbs olunan , təqsirləndirilən, şübhəli şəxslərə əziyyət verilməsi, onların qorxudulması, xəsarət yetirilməsi hesab olur.

- İşgəncə faktı ən çox harada qeydə alınır?

- Ən çox işgəncə ilkin ibtidai istintaq zamanı verilir. Bizə daxil olan müraciətlərin çoxu da bununla bağlıdır. Lakin tədricən bizə daxil olan şikayətlər də azalır ki, buna da sevinmək lazımdır. Əgər 2010-cu ildə bizə 169 nəfər işgəncə, 11 nəfərin yaxınları isə ölüm faktı ilə əlaqədar müraciət etmişdisə, 2011-ci ildə 136 nəfər işgəncə faktı, 9 nəfərin qohumları isə ölüm faktı ilə bağlı müraciət edib. İşgəncənin qarşını almaq üçün çalışmaq lazımdır. Bilirsiniz ki, Azərbaycanda işgəncələrə qarşı Milli Preventiv Mexanizmi yaradıldı və bu iş Ombudsmana həvalə edildi. Onsuzda Ombudsmanının işi həddindən artıq çoxdur. Həm də şəffaflığın olması üçün orada ictimai təşkilatlar da təmsil olunmalı idi. Lakin Elmira Süleymanova bir ictimai təşkilatın da Milli Preventiv Mexanizmdə təmsil olunmasına imkan vermir. Əgər ictimai nəzarət yoxdursa, deməli orada şəffaflıqdan danışmaq olmaz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR