“Biz teatrı sevirik” adlı tədbir keçirilib

“Biz teatrı sevirik” adlı tədbir keçirilib
# 14 mart 2012 15:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Orta və ali təhsil ocaqları ilə mütəmadi olaraq layihələr həyata keçirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Biz teatrı sevirik” layihəsini gerçəkləşdirib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Yasamal rayonu 53 saylı məktəbin birgə təşkilatçılığı ilə birgə reallaşıb. Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan, yazıçı-dramaturq Əli Əmirlinin “Mən səni sevirəm – MSS” ikihissəli lirik komediyası əsasında “Biz teatrı sevirik” adlı görüş-diskussiya baş tutub. Diskussiyada məktəbin müəllim və şagird kollektivi, kitabxananın əməkdaşları və tamaşanın müəllifi Əli Əmirli, quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, truppa müdiri Ələsgər Muradxanlı, tamaşada rol alan bir çox aktyor iştirak edib.

Məktəbin direktoru Firəngiz Həsənova rəhbərlik etdiyi təhsil ocağında şagirdlərə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin aşılanması istiqamətində teatr müəssisələrinin rolundan danışan direktor bu işdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əvəzsiz rolunu xüsusi vurğulayıb. Məktəbin şagirdləri sözügedən tamaşadan bir parçanı tədbir iştirakçılarına təqdim ediblər. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, teatrın aktyor heyəti tamaşa haqqında fikirlərini bölüşüb və şagirdlərin suallarını cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR