Azərbaycan Mərkəzi Bankı yeni Pul Siyasəti İcmalını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı yeni Pul Siyasəti İcmalını açıqlayıb
# 09 avqust 2012 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) öz siyasətini qlobal iqtisadiyyatda gərginliyin qalması, Avrozonadakı böhranın monetar birliyin gələcəyi üçün risk yaratması, beynəlxalq investisiya axınlarının azalması, dünya maliyyə və əmtəə bazarlarında dəyişkənlik şəraitində həyata keçirib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin hazırladığı yeni Pul Siyasəti İcmalında deyilir.

İcmala əsasən, mürəkkəb qlobal mühitdə Azərbaycanda makroiqtisadi sabitlik qorunub, iqtisadi artım davam edib, qeyri-neft sektoru artımın əsas mənbəyinə çevrilib. Strateji valyuta ehtiyatlarının artmaqda davam etməsi ölkənin iqtisadi dayanıqlığını daha da yüksəldib.

Ötən dövrdə Mərkəzi Bank öz fəaliyyətini pul və maliyyə sabitliyi siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi, ödəniş sistemlərinin etibarlı və fasiləsiz fəaliyyəti kimi hədəflərin həyata keçirilməsinə yönəldib.

İcmalda deyilir ki, Mərkəzi Bankın hökumətlə birgə həyata keçirdiyi siyasət nəticəsində dövr ərzində inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb, makro-maliyyə sabitliyinin mühüm amili olan manatın mübadilə məzənnəsi sabit qalıb, bank sistemi iqtisadi artımı dəstəkləməkdə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR