Sərdar Cəlaloğlu: “Prezident seçkilərinə bir neçə namizədlə qatılmağın mənası yoxdur, bunu səmimi etiraf etməliyik”

Sərdar Cəlaloğlu: “Prezident seçkilərinə bir neçə namizədlə qatılmağın mənası yoxdur, bunu səmimi etiraf etməliyik”
# 06 avqust 2012 10:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifət düşərgəsində prezident seçkilərində vahid namizədin müəyyənləşdirilməsi məsələsi ilə bağlı həddindən artıq siyasi spekuliasiyalar edilir. Bəzi şəxslər bu problemin lehinə və ya əleyhinə çıxmaqla özünə ucuz siyasi divident əldə etməyə çalışır”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S. Cəlaloğlu bildirib ki, müxalifətdə bəzi siyasətçilər birlik əldə edildiyi təqdirdə yüz faiz qələbənin olacağını iddia edir: “Əslində isə bu belə deyil. Azərbaycanda siyasi hakimiyyətin dəyişilməməsinin çoxlu səbəbləri var. Bu səbəbləri biri zəruri, digərləri isə kafidir. Zəruri olan müxalifətin birliyidir. Amma kafi şərtlər beynəlxalq ictimiyyətin dəstəyi, seçkilərin saxtalaşdırılması imkanının azaldılması, xalqın fəallığı və sairədir. Bir şeyi anlamaq lazımdır - Azərbaycanda siyasi müxalifətin birliyi olmasa, seçkilərə 3-4 namizədlə qatılan müxalifət uduzacaq. Bunu səmimi şəkildə etiraf etməliyik”.

S. Cəlaloğlu deyib ki, müxalifət seçkilərə ayrı-ayrı namizədlərlə qatılarsa, onların iqtidarın namizədini udmaq şansı yoxdur: “Bu baxımdan ayrı-ayrı namizədlər şəklində seçkilərə getməyin heç bir mənası yoxdur. Bu, o cümlədən İctimai Palataya da aiddir. Çünki İctimai Palata bütövlükdə müxalifət demək deyil, mən İctimai Palatanı müxalifət düşərgəsində ayrıca bir qüvvə kimi görürəm. Biz Qərbə deyə bilmərik ki, siz niyə seçkilərlə bağlı bizə dəstək vermədiniz. Bunu anlamaq üçün nə böyük alim olmaq lazımdır, nə politoloq olmaq lazımdır”.

ADP sədri qeyd edib ki, müxalifət paraleloqram şəklində güc toplaya bilməyəcəksə, ortada siyasi gücün olacağından söhbət gedə bilməz: “Mən zaman-zaman mitinqlərin əleyhinə çıxmışam. Bəzən məni ittiham edərək deyirlər ki, Sərdar iqtidarın tapşırığını yerinə yetirir. Əslində bu mövqeyimi müdafiə də etmişəm. Azərbaycan müxalifəti hakimiyyət uğrunda mübarizədə tələb olunan şərtlərin bir-ikisinə əməl edib. Ona görə də son 20 ildə müxalifətin mübarizəsi ölkədə heç bir dəyişikliyə gətirib çıxarmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR