Santa-Marinellada «Azərbaycan və İtaliya arasında biznes və ticarət imkanları» mövzusunda təqdimat keçirilib

Santa-Marinellada «Azərbaycan və İtaliya arasında biznes və ticarət imkanları» mövzusunda təqdimat keçirilib
# 14 may 2012 21:15 (UTC +04:00)
Bakı-APA. Mayın 12-də Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və İtaliyanın Latsio regionunun Santa-Marinella şəhər meriyası ilə birlikdə həmin şəhərdə “Azərbaycan və İtaliya arasında biznes və ticarət imkanları” mövzusunda təqdimat keçirilib. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən məlumat verilib.

Tədbirin keçirilmə təşəbbüsü, Latsio regionuna daxil olan Santa-Marinella, Çivitavekkia, Frozinone, Latina və digər şəhərlərin işgüzar dairələrinin Azərbaycanla əməkdaşlığa göstərdiyi maraq nəticəsində irəli sürülüb və tədbirə regionun işgüzar dairələrindən təqribən 50 iş adamı qatılıb.

İlk əvvəl, Santa-Marinellanın meri Roberto Bakeka giriş sözü ilə çıxış edib. Daha sonra səfir Vaqif Sadıqov siyasi, sosial, iqtisadi və enerji məsələləri mövzusunda Azərbaycana dair geniş ölkə təqdimatı ilə çıxış edib. Səfir V.Sadıqov son illər ərzində Azərbaycanın inkişaf təmayülləri və əldə etdiyi nailiyyətlərə, beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələri haqqında ətraflı məlumat verib.

V.Sadıqov öz çıxışında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi səbəbləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün ağır nəticələrindən söhbət açıb.

Səfir Azərbaycan-İtaliya əlaqələrinin tarixi, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin hazırkı durumu haqqında tədbir iştirakçılarına icmal edib. Səfir V.Sadıqov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyası kontekstində iki ölkə arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb, bu xüsusda, İtaliyanın zəngin iqtisadi potensialının regionlarda olduğunu nəzərə alaraq, regionlarla əməkdaşlığın inkişafına Hökumətimizin verdiyi önəmi vurğulayıb. Bununla əlaqədar, Azərbaycan ilə qeyd olunan region arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanları da seminar zamanı müzakirə edilib.

Təqdimatın sonunda, səfir V.Sadıqov tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR