SORĞU: Azərbaycanda iri şirkətlər işçiləri peşə məktəbləri, kiçik sahibkarlar isə dost-tanışları vasitəsilə tapır

SORĞU: Azərbaycanda iri şirkətlər işçiləri peşə məktəbləri, kiçik sahibkarlar isə dost-tanışları vasitəsilə tapır
# 09 avqust 2012 11:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Təhsil Nazirliyinin sifarişi ilə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi (MMRM) tərəfindən həyata keçirilən «Azərbaycan Respublikasının iqtisadi rayonlarının ilk peşə-ixtisas təhsili müəssisələrinin (İPİTM) fəaliyyətinin iqtisadi rayonların əmək bazarının ehtiyaclarına uyğunluğunun, işəgötürənlərin peşə kompetensiyalarına və peşə standartlarına münasibətinin, əmək bazarında ən çox ehtiyac duyulan peşələrin müəyyən edilməsi Layihəsi» çərçivəsində aparılan sorğu yerli şirkətlərin və iş adamlarının peşə təhsilinə münasibətini ortaya çıxarıb.

«APA-Economics»in məlumatına görə, ölkənin 5 iqtisadi rayonunu (Dağlıq Şirvan, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran) - ümumilikdə 4 mln. nəfərin yaşadığı 39 rayon və şəhəri əhatə edən layihənin keçirilməsində məqsəd regionların inkişaf istiqamətlərinə və yeni yaranacaq istehsal və xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması proqnozlarının işlənməsidir.

Araşdırmada iştirak edən işəgötürənlər bildiriblər ki, hazırda ixtisaslı işçilərə böyük ehtiyac duyulur. Bir çox müəssisələr, xüsusilə də aparıcı şirkətlər müvafiq peşə təhsili haqqında sənədi olan işçiləri daha həvəslə işə qəbul edirlər.

Amma kiçik və orta müəssisələrdə vəziyyət fərqlidir. «Əsasən də, icma və qohumluq əlaqələrinin güclü olduğu rayonlarda, belə müəssisələr işçi qəbul edərkən başqa prinsiplərə əsaslanır. Kiçik və orta müəssisələrinin rəhbərləri işçiləri qohumlar və ya tanışlar arasında axtarır və əksər hallarda məşğulluq mərkəzlərinə və ya peşə təhsili məktəblərinə müraciət etmirlər. İşəgötürənlərin etirafına görə bu, səhv yanaşmadır, çünki çox zaman işə qəbul zamanı seçim edərkən hər hansı səbəbdən gələcək işçinin peşəkarlıq xüsusiyyətləri deyil, şəxsi münasibətlərə əsaslanan amillər nəzərə alınır ki, bundan da biznes zərər çəkir», - deyə layihənin rəhbəri Əlipaşa Qaybalıyev bildirir.

Layihə çərçivəsində sahibkarlar arasında aparılan sorğuda məlum olub ki, iş adamlarının 26,7%-i yeni işçini dost-tanışları vasitəsilə tapır və bu üsul ölkənin regionlarının əksəriyyətində geniş yayılıb. Sahibkarların 19,7%-i işçiləri Məşğulluq Mərkəzləri (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Xidmətinin nəzdində), 12,4%-i qeyri-formal əmək bazarı («qul bazarı»), 12%-i peşə təhsili müəssisələri, 9,7%-i peşə kursları vasitəsilə tapır. Bəzi sahibkarlar işçi tapmaq üçün universitetlərə (1,4%), orta məktəblərə (1,4%) də müraciət edir. İş adamlarının 1%-i işçiləri internet vasitəsilə tapır.

Amma sorğunun aparıldığı rayonlar üzrə işçilərin axtarılması üsulları fərqlidir. Məsələn, Lənkəran və Şəki-Zaqatala zonalarında işçini dost-tanış vasitəsilə tapmaq (müvafiq olaraq 42,2% və 31,2%) üsulu geniş yayılıb.

Yeni işçiləri peşə məktəblərindən tapanların sayı da regionlar üzrə fərqlənir. Aran bölgəsində sahibkarların 23,6%-i, Şəki-Zaqatalada 17,2%-i, Dağlıq Şirvanda 14,3%-i və s. işçiləri peşə təhsili müəssisələrindən seçir.

Sorğuda məlum olub ki, sahibkarların böyük hissəsi (42%) işçiləri işə götürəndə onlarla müsahibə aparır və sınaq müddəti təyin edir (33,5%). İş adamlarının cəmi 4,6%-i yeni işçidən imtahan götürür, 17,3%-i isə buna əhəmiyyət vermir.

Bununla yanaşı, işəgötürənlər hesab edirlər ki, peşə təhsili olan gəncləri işə götürmək daha sərfəlidir. «Çünki onların öyrədilməsi daha asan olur, belə işçilər məktəb təlim-tərbiyəsi alıblar, əməyin mühafizəsi qaydaları ilə tanışdırlar, iş yerlərində davranışları fərqlidir, müəssisənin daxili intizam qaydalarına və peşə etikasına riayət etməkdə daha məsuliyyətlidirlər, ümumi dünyagörüşləri mütərəqqi və müsbətdir», - deyə Ə.Qaybalıyev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR