Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Respublika Günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər

Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Respublika Günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər
# 25 may 2012 13:34 (UTC +04:00)
Bakı-APA. Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycanın Milli Bayramı – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları göndəriblər. APA-nın məlumatına görə, prezident Abdullah Gülün təbrik məktubunda bildirilir:

“Hörmətli Prezident, əziz qardaşım! Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və bütün Azərbaycan xalqını türk xalqı və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Tarix baxımından 20 il qədər qısa bir vaxtda qardaş ölkələrimizin əlaqələri Zati-alinizin təbirincə desək, bütün sahələrdə uğurla inkişaf edib. Xalqlarımız arasında dərin köklərə malik yaxınlığın, nümunəvi həmrəyliyin konkret işlər əsasında daha da gücləndirilərək irəli aparılması ən böyük amalımızdır. Müstəqilliyini bərpa edəndən bəri Azərbaycan ilə işbirliyimizdə bir çox sahələrdə nail olduğumuz müstəsna uğurları daha da genişləndirmək və münasibətlərimizi istər qardaş xalqlarımızın xeyrinə, istərsə də bölgəmizdə sülh və əmin-amanlığa xidmət edəcək şəkildə hər gün daha da üstün bir səviyyəyə yüksəltmək başlıca hədəfimizdir. Bu fürsətdən istifadə edərək, Zati-alinizi və möhtərəm xanımınızı yenidən Türkiyəyə rəsmi səfərə dəvət etməkdən xanımımla birlikdə böyük məmnunluq duyacağımızı bir daha bildirmək istəyirəm. Milli bayram – Respublika günü münasibətilə Zati-aliləri, dəyərli qardaşıma cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə təbrik məktubunda Türkiyə və Azərbaycanın gücünü ortaq tarix və mədəniyyət birliyindən alan, möhkəm tellərlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi yaşayan ölkələr olduğunu bildirib: “Dost və qardaş Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə millətim və hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, sevinc duyğularına ürəkdən şərik oluruq.

Türkiyə və Azərbaycan gücünü ortaq tarix və mədəniyyət birliyindən alan, möhkəm tellərlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi yaşayan ölkələrdir. Bu baxımdan, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2011-ci il oktyabrın 25-də İzmirdə keçirilən birinci iclası və 2012-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan ikinci toplantısı əlaqələrimizin 20 ildə çatdığı səviyyəsinin göstəricisidir.

Azərbaycan bölgədə ən mühüm strateji tərəfdaşımızdır və ölkənizin uğurları ilə qürur duymaqdayıq. Bu mənada Türkiyə və Azərbaycan əlaqələrini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında qətiyyətlə daha da irəliyə aparacağımıza şübhə etmirəm. Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi arzularımı çatdırıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR