Azərbaycan Beynəlxalq Bankı və «American Express» əməkdaşlığı genişləndirir

Azərbaycan Beynəlxalq Bankı və «American Express» əməkdaşlığı genişləndirir
# 01 noyabr 2012 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə «American Express» ödəniş sistemi arasında növbəti 6 il üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

«APA-Economics»in məlumatına görə, müqaviləni ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və «American Express» təşkilatının biznesin inkişafı üzrə vitse-prezidenti Aleks Fuber imzalayıblar.

Müqavilənin şərtlərinə əsasən, 6 il müddətində ABB Azərbaycan bazarına «American Express» kartları ilə bağlı yeni məhsullarını təqdim edəcək. Layihə ABB-nin inkişaf edən ekvayrinq şəbəkəsinin hesabına ticarət və xidmət müəssisələrinin «American Express» sisteminin kartlarının qəbulunu genişləndirməyə imkan verəcək. Köçürmələr isə «AzeriCard» Prosessinq Mərkəzi vasitəsi ilə həyata keçiriləcək.

Tədbirdə çıxış edən E.Mustafayev «American Express» sisteminin Azərbaycanda eksklüziv tərəfdaşı olduğunu və imzalanan müqavilə çərçivəsində ticarət və xidmət sahəsində fəaliyyət göstərən müştərilərə yüksək səviyyəli xidmətlərin göstəriləcəyini bildirib: «Bundan başqa, bu xidmət şəbəkəsinin genişləndirilməsi nəticəsində, müştərilər mağaza və ticarət mərkəzlərində rahat alış-veriş edə biləcək».

E.Mustafayev hazırda ABB-də «American Express» sisteminin «Gold Card», «Green Card» və «Platinum Card» məhsullarının olduğunu qeyd edib.

Tədbirdə çıxış edən A.Fuber «American Express» sistemi haqqında geniş təqdimatla çıxış edib və daha sonra ABB ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Vitse-prezident «American Express» sisteminin ABB ilə əməkdaşlığa 2008-ci ildən başladığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR