Cəmil Quliyev: “Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum tənəzzülə uğramış bir ittifaqdır”

Cəmil Quliyev: “Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum tənəzzülə uğramış bir ittifaqdır”
# 20 iyul 2012 16:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı dediyi fikirlərlə tamamilə razıyam. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi bu qurum tənəzzülə uğramış bir ittifaqdır. Məhz buna görə də biz, yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri vaxtilə etiraz edərək oradan çıxmışıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib.

O bildirib ki, uzun zamandır sözügedən qurum siyasi təşkilata çevrilib və bu hal onların etirazına səbəb olub: “Bizim etirazımız ilk növbədə onunla bağlı idi ki, ittifaq siyasi təşkilata çevrilmişdi. Bu qurum yaradıcı işləri bir kənara qoyub siyasi məsələlərlə məşğul olmağa başlamışdı. Bizim Kinematoqrafçılar İttifaqı hər zaman yaradıcı təşkilat olub, kino sənətinə xidmət edib. Əgər Rüstəm müəllim siyasətlə məşğul olmaq istəyirsə, getsin partiya yaratsın və o partiya ilə birgə öz siyasəti ilə məşğul olsun. Biz yaradıcı insanlarıq və yaradıcılıqla məşğul olmaq istəyirik”.

Kinematoqrafçılar İttifaqının həqiqətən də müasir kinematoqrafın tələblərinə cavab vermədiyini bildirən Cəmil Quliyev, məhz bu səbəbdən də alternativ bir qurum yaratdıqlarını deyib: “Bu, bizim hüququmuzdur və biz necə istəyiriksə elə də adlandırdıq. Bu ittifaqın gələcəyinə də inanırıq. Biz çalışacağıq ki, bu ittifaq Azərbaycan kinosunun inkişafı naminə səmərəli fəaliyyət göstərsin. Mən Əli müəllimin dedikləri ilə tamamilə razıyam”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Oqtay Mirqasımov Rüstəm İbrahimbəyov haqqında fikirlərini dəfələrlə açıqladığını, həqiqətləri beş il bundan əvvəl dediyini və hazırda da həmin fikirdə qaldığını bildirib: “Düşünürəm ki, Əli Həsənov cənablarının fikirləri çox düzgündür və bu fikirlərlə həmrəyəm. Həqiqətən də uzun zamandır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılan qurum yalnız şəxsi maraqlara qulluq edirdi. Əslində bir çox kinematoqrafçılar bununla bağlı narazılıqlarını bildiriblər. Mən isə demək olar ki, bunu hamıdan daha tez bildirmişəm. Tamamilə bəllidir ki, İbrahimbəyov bu işdə ictimaiyyətin mövqeyindən, hansısa milli və yaxud kino xadimlərinin marağından çıxış etmir, öz maraqlarını əsas götürərək fəaliyyətini aparmağa çalışır. İbrahimbəyov özünü əhalinin, millətin qayğısına qalan bir insan kimi qələmə verməyə çalışır, halbuki bu belə deyil. Bütün bunların saxta olduğunu müəyyənləşdirmək üçün onun xarici KİV-lərə verdiyi çox biabırçı müsahibələri oxumaq kifayətdir. Bu, ziyalıya bənzəməyən oyundur. Bu hərəkətləri nə ictimaiyyətə, nə milli kinematoqrafiyaya, nə də özünə fayda vermədi. Onun maddi marağı var idi, o səbəbdən də o cür çıxışlar etməli idi”.

O. Mirqasımov arada qalmaqalların, qarşıdurmaların olmasından da çox təəssüfləndiyini dilə gətirib: “Heyf ki, arada qalmaqallar, qarşıdurmalar oldu və nəticədə kinematoqrafiya, milli mədəniyyət, yaradıcı ziyalıların həyatı ziyan çəkdi. Çox təəssüflənirəm və ar olsun deyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR